Azərbaycanda ananın soyadını daşıyan uşaqların sayı ilə bağlı yeni statistika açıqlanıb. Ədliyyə Nazirliyinin məlumatına görə, 2025-ci il ərzində valideynlərin soyadları fərqli olduqda 185 uşaq anasının soyadı ilə qeydiyyata alınıb. 2026-cı ilin ilk 3 ayında isə bu göstərici 42 nəfər təşkil edib.
Bu tendensiya hansı sosial və ya hüquqi risklər yarada bilər? Uşağın ananın soyadı ilə qeydiyyata alınması ailədaxili münasibətlərə və ya uşağın sosial mühitdə qəbuluna təsir göstərə bilərmi?
Referans Media bildirir ki, Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, bu, yalnız statistik fakt kimi yox, həm də hüquqi, sosial və psixoloji aspektlərdən kompleks şəkildə təhlil edilməli olan bir məsələdir:
“Qanunvericiliyə əsasən, uşağın soyadı valideynlərin qarşılıqlı razılığı ilə müəyyən edilir. Bu prinsip Ailə Məcəlləsində təsbit olunub. Valideynlərin soyadları fərqli olduqda, uşağa ya atanın, ya da ananın soyadı verilə bilər. Razılıq əldə edilmədikdə məsələni qəyyumluq və himayə orqanları həll edir. Ona görə uşağın ananın soyadı ilə qeydiyyata alınması tam qanuni və legitimdir, hər hansı diskriminasiya, yaxud hüquq pozuntusu sayılmır. Bu hal valideynlərin bərabər hüquqluluğu prinsipinin praktik ifadəsidir. Bu istiqamətdə artıma nikahdankənar doğum hallarının çoxalması, boşanma və ya faktiki ayrılıqdan sonra uşağın ana ilə qalması, atanın uşağın həyatında iştirak etməməsi, yaxud hüquqi statusunun qeyri-müəyyənliyi, həmçinin gender bərabərliyi ideyalarının güclənməsi kimi amillər təsir göstərir. Yəni bu faktorlar ananın soyadına üstünlük verilməsinə təsir edir”.
Hüquqşünas bildirib ki, formal risklər məhdud olsa da, bəzi dolayı problemlər yarana bilər:
“Atalıq ayrıca təsdiqlənməzsə, gələcəkdə aliment, miras və valideynlik hüquqları ilə bağlı mübahisələr mümkündür. Atalıq hüquqi qaydada müəyyən edilmədikdə, uşaq atasının mirası ilə bağlı hüquqlarını sübut etməkdə çətinlik çəkə bilər. Eyni zamanda, beynəlxalq hüquqi münasibətlərdə, xaricə çıxış, vətəndaşlıq və digər məsələlərdə əlavə sənədləşmə tələbi yaratması mümkündür. Bəzi hallarda bu seçim ailədaxili münasibətlərdə psixoloji gərginlik yaradır. Ata tərəfi bunu valideynlik rolunun zəifləməsi kimi qəbul edə, qohumluq münasibətlərində narazılıqlar yarana bilər. Valideynlər arasında mövcud konfliktlərin də dərinləşməsi mümkündür. Lakin bu təsirlər hüquqi deyil, sosial-psixoloji xarakter daşıyır və konkret ailədən asılıdır. Cəmiyyətdə bu məsələyə münasibət əvvəlki illərlə müqayisədə daha neytrallaşıb, lakin müəyyən stereotiplər qalmaqdadır. Məktəb və sosial mühitdə fərqli soyad suallar doğura, uşağın özünüidentifikasiyasına, xüsusilə erkən yaşlarda bu, əlavə psixoloji yük yarada bilər”.




















