Qlobal maliyyə bazarlarında sürətlə böyüyən özəl kredit modeli ənənəvi bank kreditlərinə alternativ kimi getdikcə daha çox diqqət çəkir. Bank vasitəçiliyini aradan qaldıran bu yanaşmanın həm investorlar, həm də şirkətlər üçün yeni imkanlar yaratdığı bildirilir.
Bəs özəl kredit ənənəvi bank kreditlərindən hansı üstünlükləri ilə fərqlənir və bu model Azərbaycanda tətbiq oluna bilərmi?
Referans Media xəbər verir ki ,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, özəl kreditləşmənin əsas üstünlüyü bank kimi maliyyə vasitəçisinin aradan çıxmasıdır.
Onun sözlərinə görə, bu modeldə borc verənlə borc alan birbaşa müqavilə bağlayır ki, bu da həm investor, həm də borcalan üçün daha sərfəli şərtlər yarada bilər.
“Bank modelində əmanətçi öz vəsaitini müəyyən faizlə banka yerləşdirir, bank isə həmin vəsaiti daha yüksək faizlə kredit kimi təqdim edir. Bu fərqdən gəlir qazanır. Özəl kredit modelində isə bu marja aradan qalxır.
Əmanətçi və ya investor vəsaiti birbaşa borcalana təqdim etsə, daha yüksək gəlir əldə edəcək. Eyni zamanda borcalan da daha aşağı faizlə maliyyə cəlb etmiş olar. Bu, hər iki tərəf üçün sərfəlidir”, – deyə o, vurğulayıb.
Ə.Həsənovun sözlərinə görə, özəl kredit modelinin üstünlükləri ilə yanaşı, müəyyən riskləri də mövcuddur.
“Banklar kredit risklərinin idarə olunmasında peşəkar institutlardır, digər investorlar – məsələn, pensiya fondları və ya sığorta təşkilatları isə bu sahədə ixtisaslaşmaya bilər.
Bu model daha çox risklərin aşağı, hüquqi və institusional mühitin daha etibarlı olduğu ölkələrdə effektiv işləyir. Burada əsas məsələ risklərin düzgün qiymətləndirilməsidir. Hərə öz işi ilə məşğul olmalıdır. Buna görə də özəl kredit bazarı daha çox inkişaf etmiş maliyyə sistemlərində uğurlu nəticə verir”, – deyə o, əlavə edib.
Əkrəm Həsənov yaxın perspektivdə Azərbaycanda bu modelin geniş tətbiqini gözləmədiyini də bildirib. Onun fikrincə, bunun üçün uyğun bazar infrastrukturu və risk idarəetmə mexanizmləri formalaşmalıdır.























