image-diplom-sertiviqatbackend

Ali təhsil, yoxsa peşə təhsili? – Seçimi belə edin…

Bildiyimiz kimi, artıq ali təhsil müəssisələrinə qəbul imtahanlarının ilk mərhələsi start götürüb.

Bu proses minlərlə gəncin gələcək karyera yolunu müəyyənləşdirməsi baxımından mühüm əhəmiyyət daşıyır və onların qarşısında ciddi seçim mərhələsi yaradır.

Bəs görəsən, müasir əmək bazarında daha uğurlu karyera qurmaq üçün ali təhsil daha vacibdir, yoxsa peşə təhsili? Hər iki istiqamətin üstün və zəif tərəfləri nələrdir və gənclər seçim edərkən hansı amilləri nəzərə almalıdır?

Suallarımızı cavablandıran Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Sfera.az-a açıqlamasında bildirib ki, bu gün ali təhsil və peşə təhsili arasındakı seçim əslində “hansı daha yaxşıdır” rəqabəti deyil, gəncin öz gələcəyini harada görməsi ilə bağlıdır.

Onun sözlərinə görə, uzun illərdir cəmiyyətimizdə belə bir fikir formalaşıb ki, universitetə girmək mütləqdir, diplom yoxdursa, karyera da yoxdur, amma bu belə deyil:

“Müasir əmək bazarı bizə tam başqa bir mənzərə göstərir. Artıq işəgötürənlər namizədin neçə il oxuduğuna deyil, həmin diplomun arxasında hansı bacarıqların dayandığına baxırlar. Ali təhsil gəncə geniş dünyagörüşü, analitik təfəkkür və strateji baxış qazandırır. Əgər bir gənc gələcəkdə idarəetmə, fundamental elmlər və ya mühəndisliyin nəzəri sahələrində sözünü demək istəyirsə, universitet onun üçün ən doğru təməldir. Lakin unutmaq olmaz ki, ali təhsil dörd illik uzun bir marafondur və bəzən bu müddətin sonunda gənc nəzəri biliklərlə zəngin olsa da, praktiki vərdişlərdən uzaq qala bilir. Digər tərəfdən, peşə təhsili gənci birbaşa “işin içindən” gətirir. Bu gün yüksək texnologiyalı avadanlıqlarla işləyən, rəqəmsal alətləri dərindən bilən mütəxəssislərə olan tələbat bir çox ofis işçisindən qat-qat çoxdur. Peşə təhsilinin ən böyük üstünlüyü budur ki, gənc dərhal bir sənətin qulpundan yapışır, konkret nəticə hasil etməyi öyrənir və əmək bazarına daha sürətli daxil olur. Maddi müstəqilliyini erkən yaşda qazanmaq istəyənlər üçün bu, ən effektiv yoldur”.

Ekspert qeyd edib ki, gənclər və valideynlər seçim edərkən bir məqamı nəzərə almalıdırlar:

“Diplom sadəcə bir sənəddir, peşə isə insanın özü ilə hər yerə apardığı gücdür. Əgər uşağın texnikaya, konkret bir sahə üzrə tətbiqi işlərə marağı varsa, onu sadəcə “adı olsun” deyə universitetə yönləndirmək onun vaxtını itirmək olar. Müasir dünyada ən uğurlu model hibrid yanaşmadır. Peşə ilə bazara erkən girmək və ehtiyac olduqda, işləyə-işləyə ali təhsil alıb akademik bazanı gücləndirmək. Xülasə, gənclərimiz diplomu divardan asmaq üçün deyil, həyatda ayaqüstə möhkəm durmaq üçün seçim etməlidirlər. Çünki gələcəyin iqtisadiyyatı adlara deyil, real bacarıqlara investisiya edir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki