Milli Məclisdə mina təmizləmə fəaliyyəti ilə məşğul olan şəxslərə güzəştlərin tətbiqi məsələsi müzakirə olunub.
Referans Media xəbər verir ki, parlamentin iclasında çıxış edən deputat Siyavuş Novruzov bildirib ki, mina təmizləyən şəxslər hər gün həyatlarını riskə atırlar və bu fəaliyyətin təhlükəlilik dərəcəsi nəzərə alınaraq onlara müəyyən statusların verilməsi məsələsinə baxılmalıdır.
Deputat qeyd edib ki, mina təmizləmə işi yalnız bir qurum tərəfindən deyil, müxtəlif dövlət strukturları tərəfindən həyata keçirilir:
“Mina təmizləyənlər demək olar ki, hər gün ölümlə üz-üzə gəlirlər. Bu fəaliyyətin risk dərəcəsi nəzərə alınaraq, onlara “Müharibə Veteranı” statusunun verilməsi kimi addımlar atıla bilər və bu məsələyə baxıla bilər. Burada göstərilir ki, söhbət mina təmizləmə fəaliyyəti ilə məşğul olanlardan gedir. Bildiyiniz kimi, bu işlə təkcə bir təşkilat və ya agentlik məşğul deyil. Müdafiə Nazirliyinin böyük batalyonları, Fövqəladə Hallar Nazirliyi və Sərhəd Qoşunlarında da belə fəaliyyət var. Onlar mina ilə rastlaşdıqda ANAMA-dan nümayəndə çağırmırlar, özlərinin hazırlıqlı mütəxəssisləri operativ addımlar atırlar. Bu güzəştlər bütün strukturlara şamil olunur, yoxsa yalnız Mina Təmizləmə Agentliyində çalışanlara?”
Məsələyə münasibət bildirən deputat Arzu Nağıyev isə cavabında qeyd edib ki, qanunvericilikdə mina təmizləmə fəaliyyətinin bütün istiqamətləri nəzərə alınıb. Onun sözlərinə görə, mina təmizləmənin operativ, humanitar və döyüş şəraitində aparılan olmaqla üç növü var və qanunda göstərilən güzəştlər bu sahələrdə çalışanların hamısına şamil edilir:
“Qanunda “ümumi mina təmizləmə” ifadəsi gedir və bu məsələ sadaladığınız hər üç istiqamət üzrə fəaliyyət göstərənlərin hamısına şamil olunur. Humanitar mina təmizləmə döyüşlər bitdikdən sonra həyata keçirildiyi üçün, gələcəkdə həmin statusun verilməsi onlara şamil olunmur”.























