Abşeronda qonşunun 9 yaşlı uşağını döyən kişi saxlanılıb.
Referans Media-ın xəbərinə görə, hadisə Masazır qəsəbəsində yerləşən Yeni Masazır yaşayış kompleksində baş verib.
27 yaşlı Fuad Mirzəyev (şərti adla) qonşunun 9 yaşlı oğlunun qolundan tutaraq, əli ilə kürək və baş nahiyələrinə vurub. Hadisə binanın həyətində baş verdiyi üçün o, həm də ictimai asayişi pozub.
Faktla bağlı Fuad Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində müvafiq protokollar tərtib olunub.
F. Mirzəyev bildirib ki, hadisə günü həmin uşaq onun övladını təkrar döyüb və velosipeddən yıxıb. O da həmin uşağın yaşadığı evə gedib qapını döysə də, açan olmayıb. Sonra azyaşlını həyətdə görüb və məlum hadisə baş verib. F. Mirzəyev əməlindən peşman olduğunu, uşaqdan və onun anasından üzr istədiyini deyib. O bildirib ki, niyyəti sadəcə uşağa bir sillə vuraraq, qorxutmaq və övladından uzaq durmasını istəməsi olub.
F. Mirzəyev üzr istəməsini, əməlindən peşman olduğunu və himayəsində 2 azyaşlı uşağının olmasını bildirərək, məhkəmədən barəsində yüngül cəza verilməsini istəyib.
Məhkəmənin qərarı ilə o, 300 manat məbləğində inzibati qaydada cərimələnib./Lent.az/
