Son vaxtlar Rusiya və Ermənistan ekspertləri tərəfindən gündəmə gətirilən “Putin yolu” layihəsi Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları və geosiyasi rəqabətlə bağlı müzakirələri yenidən aktuallaşdırıb. “Tramp yolu”na alternativ kimi təqdim olunan bu marşrutun Rusiyanın Qara dəniz sahillərindən başlayaraq Abxaziya, Gürcüstanın digər əraziləri və Ermənistan üzərindən İrana qədər uzanacağı iddia edilir. Layihənin reallaşması regionda nəqliyyat əlaqələrinin istiqamətinə, Rusiyanın Cənubi Qafqazdakı mövqelərinə və İranla iqtisadi əlaqələrinə təsir göstərə bilər.
Bəs “Putin yolu” real iqtisadi və logistik layihəyə çevrilə bilərmi? Bu təşəbbüs “Tramp yolu” ilə rəqabət aparmaq məqsədi daşıyır, yoxsa Moskvanın regionda təsir imkanlarını qorumaq cəhdidir? Belə bir marşrutun həyata keçirilməsi Azərbaycanın regional nəqliyyat strategiyasına və geosiyasi maraqlarına necə təsir edə bilər?
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, “Putin yolu” ideyasının əsas siyasi məğzi Rusiyanın Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlara uyğunlaşmaq və nəqliyyat bağlantılarının gələcək konfiqurasiyasında özünə yer saxlamaq cəhdi ola bilər:
“Lakin bu təşəbbüsü artıq reallaşmaqda olan və TRIPP-ə bərabər gücə malik layihə kimi təqdim etmək tezdir. TRIPP-in ABŞ və Ermənistan arasında dərc edilmiş icra çərçivəsi və imzalanmış sazişi var. “Putin yolu” isə hələlik ekspert müzakirələrində irəli sürülən ideya kimi görünür.
Ən vacib məqam budur ki, Cənubi Qafqazda mübarizə təkcə dəmir yolları uğrunda deyil, həmin yolların kim tərəfindən idarə ediləcəyi, hansı qaydalarla işləyəcəyi və regional güc balansına necə təsir göstərəcəyi uğrundadır. “Putin yolu”nun taleyini də məhz bu suallar müəyyən edəcək”.
“Globalinfo” xatırladır ki, Zəngəzur dəhlizi adlanan koridor TRIPP layihəsi (Tamp Marşrutu) də adlandırılır. Bu layihə hərbi və ya müdafiə xarakterli deyil, tamamilə kommersiya, ticarət və logistika məqsədi daşıyan beynəlxalq təşəbbüsdür. Layihə əsasən 2025-ci ilin 8 avqustunda İlham Əliyevlə Nikol Paşinyanın Ağ Evdə Donald Trampla görüşündən sonra belə adlandırılmağa başlanıldı. Tramp Marşrutunun reallaşması Rusiyanın Orta Dəhliz layihəsindən kənarda qalması və Cənubi Qafqazda təsir imkanının azalması kimi dəyərləndirilir. Görünür bu perspektivdən yayınmaq üçün Vladimir Putin indidən əlində təzyiq mexanizmi yaratmağa çalışır. ABŞ və Rusiyanın dəhlizlərə nəzarət uğrunda belə mübarizəsi isə Azərbaycana təhlükə yaradır.
