Bakı Cənub-Şərqi Asiyaya açılır – Prezidentin mesajının şifrələri

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində bu ölkə ilə münasibətlərin tarixi, siyasi dialoqun inkişafı, iqtisadi-ticari əməkdaşlığın perspektivləri və qarşıdakı rəsmi səfərdən gözləntiləri barədə danışıb. Dövlət başçısı bildirib ki, Azərbaycan-Vyetnam dostluğunun təxminən 70 illik tarixi var.

Dövlət başçısı bildirib ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dolları ötüb. Bununla belə, mövcud göstəricilər real potensialı tam əks etdirmir və qarşılıqlı ticarətin artırılması üçün geniş imkanlar var.
Prezidentin sözlərinə görə, 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu keçib. Azərbaycan Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün əlverişli imkanlara malikdir. Dövlət başçısı enerji, sənaye, kənd təsərrüfatı və logistika sahələrində birgə layihələrin həyata keçirilməsinin ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artıra biləcəyini bildirib.

Kamran Bayramov : İqtisadi rayonların yeni bölgüsü Qarabağ bölgəsinin  inkişafı üçün geniş imkanlar yaradacaq - AZƏRTAC

Referans Media-ın məlumatına görə deputat Kamran Bayramov Musavat.com-a bildirib ki, müasir qlobal geosiyasi reallıqlar və dəyişən iqtisadi arxitektura fonunda Azərbaycanın xarici siyasət vektorlarının Asiya-Sakit okean hövzəsi istiqamətində genişlənməsi ölkəmizin çoxşaxəli və tarazlaşdırılmış diplomatiyasının məntiqi davamıdır:

“Cənub-Şərqi Asiyanın ən dinamik inkişaf edən iqtisadiyyatlarından biri olan Vyetnam ilə formalaşan strateji tərəfdaşlıq xətti göstərir ki, ikitərəfli münasibətlər artıq ənənəvi tarixi dostluq çərçivəsindən çıxaraq praqmatik, çoxsahəli və yüksək texnoloji əməkdaşlıq modelinə transformasiya olunur. Bu tərəfdaşlığın təməlində dayanan qarşılıqlı etimad və tarixi yaddaş müasir dövrdə konkret iqtisadi layihələr, enerji təhlükəsizliyi və nəqliyyat-logistika inteqrasiyası ilə möhkəmləndirilir. Xüsusilə son dövrlərdə siyasi dialoqun ən yüksək səviyyədə intensivləşməsi və münasibətlərin strateji tərəfdaşlıq müstəvisinə yüksəlməsi tərəflərin regional və qlobal proseslərə oxşar baxış bucağından yanaşdığını təsdiqləyir. Beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirilən qarşılıqlı dəstək hər iki dövlətin suverenlik, beynəlxalq hüququn aliliyi və ədalətli dünya nizamı prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. Bu siyasi iradə paralel olaraq iqtisadi sahədə də keyfiyyətcə yeni mərhələnin qapılarını açır. İqtisadi əlaqələrin strukturuna nəzər saldıqda aydın olur ki, karbohidrogen sektorundakı ənənəvi tərəfdaşlıq artıq bərpaolunan enerji, sənaye kooperasiyası və iri infrastruktur layihələri ilə zənginləşir. Vyetnam kapitallı şirkətlərin Azərbaycanda yaşıl enerji və şəhərsalma sahələrinə artan investisiya marağı ölkəmizdə yaradılmış əlverişli biznes mühitinin və investorlara göstərilən dövlət dəstəyinin beynəlxalq miqyasda rəğbətlə qarşılandığını sübut edir. Bununla yanaşı, mövcud ticarət dövriyyəsinin ölkələrin real potensialından geri qalması qarşıdakı dövrdə qeyri-neft sektoru üzrə ixrac-idxal əməliyyatlarının şaxələndirilməsini əsas prioritetə çevirir”.

Deputatın fikrincə, geoiqtisadi baxımdan ən diqqətçəkən məqam isə Avrasiyanın nəqliyyat xəritəsində iki ölkənin bir-birini tamamlayan strateji mövqeyidir: “Azərbaycanın formalaşdırdığı müasir nəqliyyat-logistika infrastrukturu, xüsusilə Orta Dəhliz və Şimal-Cənub marşrutları Cənub-Şərqi Asiyanın istehsal mərkəzləri ilə Avropa bazarları arasında ən qısa, təhlükəsiz və səmərəli quru körpüsü rolunu oynayır. Tranzit yükdaşımalarında müşahidə olunan kəskin artım dinamikası onu deməyə əsas verir ki, yaxın illərdə Vyetnam-Azərbaycan logistika xətti qlobal təchizat zəncirinin mühüm həlqələrindən birinə çevriləcək. Nəhayət, dövlətlərarası münasibətlərin dayanıqlılığını təmin edən əsas amil xalqlararası humanitar körpülərin möhkəmliyidir. Təhsil mübadiləsi ənənələrinin bərpası, mədəniyyət günlərinin coğrafiyasının genişlənməsi və təbii fəlakətlər zamanı nümayiş etdirilən səmimi həmrəylik iki ölkə arasındakı əlaqələrə dərin mənəvi məzmun qazandırır. Cənubi Qafqazın enerji-logistika mərkəzi ilə Cənub-Şərqi Asiyanın yüksələn iqtisadi gücünün sinerjisi hər iki regionun rifahına və sabitliyinə xidmət edən uzunmüddətli strateji tərəfdaşlıq nümunəsi formalaşdırır”.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki