İsveçrədə tarixi zirvə – ABŞ və İran arasında ilk mərhələ 18 saatdan sonra başa çatdı

İsveçrənin Bürgenştok şəhərində ABŞ və İran arasında keçirilən çoxtərəfli danışıqların ilk mərhələsi başa çatıb. Təxminən 18 saat davam edən görüşlər Qatar və Pakistanın vasitəçiliyi ilə təşkil olunub və tərəflər bir sıra mühüm məsələlər üzrə ilkin razılaşma əldə ediblər.

Referans Media xəbər verir ki, görüşlər zamanı Hörmüz boğazında ticarət keçidlərinin təhlükəsizliyi, Livanda atəşkəs prosesi və İranın dondurulmuş aktivləri əsas müzakirə mövzuları olub. Tərəflərin 60 gün ərzində yekun razılaşmaya nail olmaq üçün yol xəritəsi üzərində ortaq mövqe formalaşdırdığı bildirilir.

Görüşlərdə ABŞ nümayəndə heyətinə vitse-prezident JD Vens, İran tərəfinə isə parlament sədri və danışıqlar heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf rəhbərlik edib. Danışıqlar zamanı İran tərəfinin ABŞ Prezidenti Donald Trampın bəzi açıqlamalarına etiraz etdiyi barədə iddialar yayılsa da, sonradan diplomatik mənbələr görüşlərin fasiləsiz davam etdiyini bildiriblər.

İran rəsmiləri ABŞ-dan gələn təhdid xarakterli mesajların danışıqlara təsir etməyəcəyini vurğulayıblar. Eyni zamanda bildirilib ki, texniki səviyyədə təmaslar davam etdiriləcək.

Vasitəçi ölkələrin açıqlamasına əsasən, tərəflər Hörmüz boğazında mümkün gərginliklərin qarşısını almaq üçün birbaşa əlaqə mexanizmi yaratmaq barədə razılığa gəliblər. Bundan əlavə, Livanda sabitliyin qorunması məqsədilə ayrıca koordinasiya mexanizminin formalaşdırılması da gündəmə gətirilib.

İran xarici işlər naziri Abbas Əraqçi isə danışıqlarda müəyyən irəliləyiş əldə olunduğunu bildirərək, növbəti mərhələdə əsas sınağın Livandakı vəziyyət olacağını qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki