Bakı sakinləri üçün CİDDİ TƏHLÜKƏ: Gölə axıdılan zəhər küləklə şəhərə yayılır

Bakının sürətlə inkişaf edən yaşayış zonalarından biri olan Zığ yolu və ətraf ərazilərdə son illər çoxsaylı yeni yaşayış kompleksləri inşa edilir. Bununla belə, ərazidə hiss olunan kəskin və xoşagəlməz qoxu həm sakinlər, həm də potensial alıcılar arasında narahatlıq yaradır. Mütəxəssislər hesab edirlər ki, ekoloji problemlər daşınmaz əmlak bazarında mənzillərə olan tələbat və qiymətlərə birbaşa təsir göstərə bilər.

Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, sözügedən qoxu davamlı xarakter daşısa da, onun mənbəyi yalnız bir nöqtə ilə bağlı deyil.

Onun sözlərinə görə, qoxunun yaranması ətrafdakı keçmiş istehsal sahələrindən və müxtəlif tullantıların Zığ gölünə axıdılmasından qaynaqlana bilər:

“Düşünürəm ki, ətrafda yerləşən keçmiş istehsal sahələri və müəyyən tullantıların Zığ gölünə axıdılması nəticəsində kəskin qoxu yaranır. Bunun aradan qaldırılması yolları isə mövcuddur”.

Ekspert qeyd edib ki, bu amil daşınmaz əmlak bazarına mənfi təsir göstərən diskomfort yaradır:

“Ərazilərin tullantılardan təmizlənməsi və ekoloji tələblərə əməl olunması istiqamətində tədbirlər həyata keçirilərsə, bu problem aradan qalxa bilər. Bu isə öz növbəsində həmin ərazilərdə daşınmaz əmlak bazarına müsbət təsir göstərəcək”.

V.Oruc vurğulayıb ki, sözügedən ərazi genişdir və həm yeni, həm də köhnə yaşayış massivlərini əhatə edir:

“Bu ərazi gələcək inkişaf baxımından kifayət qədər perspektivlidir. Hövsan istiqamətində yerləşən aerasiya və kanalizasiya xətləri nəzərə alınarsa, hiss olunan qoxu daha çox hidrogen-sulfid qoxusuna bənzəyir. Bu baxımdan həm Zığ gölünün, həm də Hövsan ətrafındakı ərazilərin ekoloji baxımdan təmizlənməsinə ehtiyac var”.

Onun sözlərinə görə, problem yalnız ərazidə yaşayan insanları deyil, həmin istiqamətdən keçən vətəndaşları da narahat edir:

“Bu qoxu ərazidə yaşayan insanları ciddi şəkildə narahat edir. Hətta həmin istiqamətdən avtomobillə keçən vətəndaşlar da bunu hiss edirlər. Buna görə də qoxunun mənbəyi müəyyənləşdirilməli və aradan qaldırılmalıdır”.

Ekspert bildirib ki, tullantıların gölə və ətraf torpaq sahələrinə axıdılması qoxunun külək vasitəsilə geniş ərazilərə yayılmasına səbəb olur:

“Bu proses həmin ərazilərdə mənzil və ya fərdi yaşayış evi almaq istəyən insanlarda müəyyən tərəddüdlər yaradır. Təbii ki, bu da qiymətlərə təsir göstərir və bəzi hallarda mənzillərin digər ərazilərlə müqayisədə daha aşağı qiymətə təklif olunmasına gətirib çıxarır”.

Vüqar Oruc hesab edir ki, Zığ yolu və Hövsan istiqamətinin gələcək inkişaf perspektivləri kifayət qədər yüksəkdir:

“Baş Plan-2040 və gələcək infrastruktur layihələri baxımından bu ərazilərin ciddi potensialı var. Şəhər böyüdükcə, yeni texnologiyalar tətbiq olunduqca və yaşıl iqtisadiyyat prinsiplərinə uyğun addımlar atıldıqca, bu mənfi amilin də aradan qalxacağını düşünürəm”.

Onun sözlərinə görə, yeni yolların salınması, metro və nəqliyyat xətlərinin genişləndirilməsi, nəqliyyat əlçatanlığının artırılması və digər infrastruktur layihələrinin həyata keçirilməsi gələcəkdə ekoloji problemlərin həllini də zəruri edəcək.

Ekspert əlavə edib ki, xoşagəlməz qoxu həmin ərazilərin investisiya cəlbediciliyini və daşınmaz əmlaka olan tələbi azaldan amillərdən biridir:

“Düşünürəm ki, həmin ərazilərdə iri yaşayış kompleksləri inşa edən şirkətlər bu problemin həlli istiqamətində birgə fəaliyyət göstərsələr, həm satış imkanlarını, həm də gəlirlərini artıra bilərlər. Əsas məqsəd ekoloji cəhətdən sağlam mühit yaratmaqdır ki, vətəndaşlar həmin ərazilərdə yaşayarkən və ya mənzil alarkən diskomfort hiss etməsinlər”.

Gülnaz Abdullazdə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki