backend

Bakı üçün yeni risk: İki qonşu razılaşdı, təhlükə ortaya çıxdı

Ermənistanın İrandakı səfiri Qriqor Akopyan “Təsnim” agentliyinə müsahibəsində “Tramp yolu” layihəsi çərçivəsində Azərbaycan, Gürcüstan və Ermənistanı əhatə edən vahid dəmir yolu şəbəkəsinin yaradılmasının nəzərdə tutulduğunu açıqlayıb.

Onun sözlərinə görə, iki ölkənin müvafiq qurumları arasında dəmir yolunun bərpası və istismarı ilə bağlı artıq ikinci texniki müzakirələr keçirilib

“Tramp yolu” layihəsi Cənubi Qafqazda regional əməkdaşlıq və siyasi balans baxımından hansı yeni imkanlar və risklər yarada bilər? Bu dəmir yolu təşəbbüsü Azərbaycanın nəqliyyat strategiyası və regional maraqları ilə nə dərəcədə uzlaşır?

Referans Media  xəbər verir ki , Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, “Tramp yolu” layihəsi kimi təqdim olunan vahid dəmir yolu şəbəkəsi təşəbbüsü Cənubi Qafqazda regional əməkdaşlıq baxımından yeni imkanlar açsa da, eyni zamanda ciddi siyasi risklər də yaradır:

“İmkanlar ondan ibarətdir ki, layihə nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üzərindən regionda iqtisadi qarşılıqlı asılılığı artıraraq gərginliklərin azalmasına töhfə verə bilər. Azərbaycan, Gürcüstan və Ermənistan arasında vahid dəmir yolu şəbəkəsi formalaşarsa, bu, ticarət dövriyyəsini genişləndirər və Cənubi Qafqazın tranzit əhəmiyyətini yüksəldər. Ermənistan bu cür layihələri siyasi status-kvonun dəyişdirilməsi və ya öz mövqelərini beynəlxalq müstəvidə normallaşdırmaq aləti kimi istifadə etməyə cəhd göstərməsi isə məsələnin riskli tərəfidir. Xüsusilə də “Tramp yolu” kimi geosiyasi çalarları olan adlandırmalar layihənin texniki-iqtisadi mahiyyətindən daha çox, böyük güclərin rəqabət kontekstinə daxil edilməsi ehtimalını artırır.

Azərbaycanın nəqliyyat strategiyası baxımından, bu təşəbbüs yalnız müəyyən şərtlər daxilində uyğun sayıla bilər. Bakı üçün əsas prioritet suverenlik, təhlükəsizlik və nəqliyyat marşrutları üzərində tam nəzarətin qorunmasıdır. Azərbaycan artıq Şərq–Qərb və Şimal–Cənub dəhlizlərində əsas tranzit mərkəzlərindən birinə çevrilib və bu mövqeni zəiflədən deyil, gücləndirən layihələrdə maraqlıdır. Əgər “Tramp yolu” ölkəmizin mövcud nəqliyyat strategiyasını tamamlayan, Zəngəzur istiqamətində maneəsiz bağlantını təmin edən və siyasi şərtlərlə yüklənməyən formatda reallaşarsa, bu, Bakı üçün funksional alətə çevrilə bilər. Əks halda, layihənin Ermənistanın siyasi manevr imkanlarını genişləndirməsi və regional balansı Bakının maraqları əleyhinə dəyişməsi riski nəzərə alınaraq, Azərbaycan bu təşəbbüsə ehtiyatlı və selektiv yanaşacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki