Bu gün, Azərbaycanın siyasi sahəsində uzun illər xüsusi çəkiyə və təsir imkanlarına malik olmuş Prezident Administrasiyasının sabiq rəhbəri, 88 yaşlı Ramiz Mehdiyev barəsində məhkəmə hökmü elan olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Lakin onun yaşı və səhhəti nəzərə alınaraq barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.
Həmçinin məhkəmənin hökmü ilə sabiq məmurun əmlaklarının dövlət nəfinə müsadirə olunması və dövlət təltiflərindən məhrum edilməsi üçün müvafiq təqdimatın göndərilməsi qərara alınıb.
Ramiz Mehdiyev dövlətə xəyanət (CM-in 274-cü maddəsi), hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər (278.1) və cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma (193-1.3.2) kimi ağır cinayət əməllərində təqsirli bilinib. Məhkəmə çəkişməsindən sonra çıxarılan bu qərar ölkə ictimaiyyətində və hüquq müstəvisində əks-səda doğurub.
Sabiq PA rəhbərinin 14 il şərti cəza alması hüquqşünaslar və ictimai xadimlər tərəfindən geniş müzakirə olunur.
Referans Media xəbər verir ki, məşhur vəkil Əkrəm Həsənov sosial şəbəkə hesabında hadisəyə diqqətəlayiq və kəskin statusla reaksiya verib.
"88 yaşlı Ramiz Mehdiyev 14 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib. Bir neçə il tez ölsəydi, Birinci Fəxri Xiyabanda dəfn olunacaqdı..."
Əkrəm Həsənov bu fikri ilə Ramiz Mehdiyevin illərlə malik olduğu siyasi status, toxunulmazlıq obrazı və dövlət idarəçiliyindəki mövqeyinin sonluğuna işarə edib. Hüquqşünasın reaksiyasında əsas məqam odur ki, vaxtilə dövlətin ən yüksək eşelonunda təmsil olunan, böyük səlahiyyət sahibi olmuş bir şəxsin karyerası və ömrünün son dövrü məhkəmə hökmü ilə yekunlaşdı./NOCOMMENT.az/
