Azərbaycan və İran arasında Araz çayının su ehtiyatlarının bölüşdürülməsi və səmərəli istifadəsi ilə bağlı əldə olunan yeni razılaşma təkcə iqtisadi deyil, həm də mühüm siyasi əhəmiyyətə malikdir.
Bu fikirləri Referans Media-ya açıqlamasında politoloq Aydın Quliyev səsləndirib.
Politoloq bildirib ki, İran-Azərbaycan münasibətləri müstəqilliyin son 30 ilində həmişə sabit və problemsiz olmayıb. Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlər müxtəlif dövrlərdə yüksələn dinamika ilə inkişaf etsə də, zaman-zaman fasilələr və gərginliklər də yaşanıb.
Aydın Quliyev qeyd edib ki, İran və Azərbaycan arasında mövcud olan hətta ən kiçik iqtisadi məsələlərin həlli belə siyasi münasibətlərin yaxşılaşmasına birbaşa təsir göstərir. Bu baxımdan, Araz çayının suyunun bölüşdürülməsi ilə bağlı son razılaşma iqtisadi məzmun daşısa da, məqsədləri və nəticələri etibarilə siyasi və strateji əhəmiyyətə malikdir.
Politoloqun sözlərinə görə, Araz çayı iki dövlət arasında ortaq su hövzəsidir və onunla bağlı hər iki ölkənin məsuliyyət və öhdəliklərinin rəsmiləşdirilməsi vacibdir.
O vurğulayıb ki, söhbət olduqca qiymətli su ehtiyatlarından gedir və bu ehtiyatlar üzərində nəzarətin təmin olunması, onlardan səmərəli istifadə və qorunma mexanizmlərinin yaradılması mühüm əhəmiyyət kəsb edir.
Quliyev hesab edir ki, Araz çayı ilə bağlı əldə olunmuş razılaşma eyni zamanda gələcəkdə Araz dəhlizi və çay üzərində həyata keçiriləcək digər layihələr baxımından da əhəmiyyətlidir.
“Bu gün dünyada, eləcə də region ölkələrində şirin su ehtiyatları ilə bağlı problemlər müşahidə olunur. Araz çayının suyu isə olduqca qiymətli şirin su mənbəyidir. Bu səbəbdən çayın suyunun bölüşdürülməsi və istifadəsinə dair məsuliyyətli nəzarət mexanizmlərinin yaradılması vacibdir”, – deyə politoloq bildirib.
Onun fikrincə, imzalanmış sənəd Araz çayının suyundan səmərəli istifadə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində mühüm addımdır.
Eyni zamanda, bu razılaşma İran və Azərbaycan arasında zaman-zaman yaranan problemlərin danışıqlar yolu ilə və hüquqi müstəvidə həllinin mümkün olduğunu göstərir.
Aydın Quliyev əlavə edib ki, iqtisadi məzmunlu razılaşmalar gələcəkdə iki ölkə arasında daha mühüm siyasi məzmunlu razılaşmaların əldə olunması üçün də ilkin baza rolunu oynaya bilər.
Gülnaz Abdullazadə
