image-binaaaabackend

Bakıda ucuz evlər satışa çıxarılır – Ekspert çağırış etdi

Bakıda maklerlərin tikib satışa çıxardığı evlərlə bağlı fikirlər birmənalı deyil. Böyük qisim həmin evlərin nisbətən ucuz olmasını keyfiyyətsizliklə əlaqələndirsə də, başqa cür düşünənlər də var.

Bu evləri almaq nə dərəcədə doğrudur? Keyfiyyət göstəricisi hansı səviyyədədir?

Referans Media xəbər verir ki, Globalinfo.az-a danışan əmlak üzrə ekspert Anar Nəsirov deyib ki, maklerlərin tikib satdığı evlər barədə formalaşan fikirlərin hamısı reallığı əks etdirmir:

“Əslində bu sahədə fəaliyyət göstərənlərin əksəriyyəti makler deyil, öz vəsaiti hesabına ev tikib satan şəxslərdir. Bir neçə ev inşa edib satdıqları üçün cəmiyyətdə makler kimi qəbul olunurlar. Halbuki təxminən 90 faizi sadəcə tikib-satışla məşğul olan fərdi şəxslərdir. Bu şəxslərin əsas məqsədi tikinti prosesindən qazanc əldə etməkdir. Onları daha çox evin satılması və gəlir əldə olunması maraqlandırır, sonrakı istismar mərhələsi isə çox zaman prioritet olmur. Bu səbəbdən bəziləri az xərc qoyub daha çox qazanc əldə etməyə çalışır. Nəticədə, xüsusilə həyət evləri sektorunda keyfiyyətsiz tikililərin sayı az deyil. Bununla belə, bu yanaşmanı bütün tikib-satanlara şamil etmək düzgün olmaz. Çünki bu halda işini vicdanla və keyfiyyətlə görənlərin haqqı tapdalanmış olar”.

Ekspert bildirib ki, təxmini hesablamalara görə, bu sahədə fəaliyyət göstərənlərin 60-65 faizi keyfiyyətsiz tikinti apara bilər:

“Lakin qalan 30-40 faizlik hissə işinə məsuliyyətlə yanaşan, bazarda uzun illər təcrübə qazanmış, keyfiyyətli və müasir standartlara uyğun evlər inşa edən şəxslərdir. Bu qrup üçün əsas məqsəd qısa müddətdə yüksək qazanc deyil, adını və etibarını qorumaq, müştəri məmnuniyyətini təmin etməkdir. Əvvəllər, xüsusilə 20-25 il öncə ucuz materiallardan istifadə etməklə, monolit beton olmadan, texniki tələblərə uyğun gəlməyən evlər tikilir və aşağı qiymətə satılırdı. Vətəndaşlar da maddi imkanları məhdud olduğu üçün bu evləri almağa məcbur qalırdı. Hazırda isə bazarda daha çox peşəkar tikib-satanlar var və onlar müasir dizayn, keyfiyyətli tikintiyə üstünlük verməyə çalışırlar.

 

Vətəndaşlara tövsiyə olunur ki, həyət evi və ya mənzil alarkən tikən şəxs, yaxud şirkət haqqında əvvəlcədən məlumat toplasınlar. İnternetdən, ərazidəki sakinlərdən və əvvəlki alıcılardan rəy almaq vacibdir. Həmçinin, son illərdə “makler” adı altında insanları aldadaraq beh alıb yoxa çıxan dələduzların da olduğu nəzərə alınmalıdır. Bu cür hallarla üzləşməmək üçün vətəndaşlar dəqiq məlumat əldə etmədən, istər şifahi, istər yazılı formada heç kimə beh və ya ödəniş etməməlidirlər. Hətta notariat təsdiqli sənədlər olsa belə tikən şəxs və ya şirkət barədə araşdırma aparmaq mütləqdir”.

Anar Nəsirovun sözlərinə görə, qazı, suyu, işığı, kanalizasiya xətti və çıxarışı olmayan evlərdən uzaq durmaq lazımdır:

“Mövcud qaydalara əsasən, çıxarışı olmayan mənzillərə kommunal xidmətlərin verilməsi qadağandır və bu evlərdə qeydiyyata düşmək mümkün deyil. Bu səbəbdən vətəndaşlara yalnız çıxarışı olan, hüquqi və texniki baxımdan problemsiz evlərə üstünlük vermələri tövsiyə olunur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki