Bakıdan rayonlara kütləvi köç başlayır: Mənzil, iş və pulsuz kommunal təklifi...

Qazaxıstanda işçi qüvvəsinə ehtiyac olan ərazilərə könüllü köçən şəxslərə maliyyə dəstəyi, mənzil və məşğulluq imkanlarının təqdim edilməsini nəzərdə tutan proqramın Azərbaycanda tətbiqi mümkündürmü? Belə bir mexanizm bölgələrdə əhalinin azalmasının və paytaxta miqrasiyanın qarşısını almaqda nə dərəcədə effektiv ola bilər və bunun üçün hansı iqtisadi təşviqlər nəzərdə tutulmalıdır?

Referans Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycanda Qazaxıstanın təcrübəsinə bənzər könüllü köçürülmə proqramının tətbiqi mümkündür və bu, regionların inkişafı baxımından faydalı mexanizm ola bilər.

Onun sözlərinə görə, proqramın effektivliyi insanlara yalnız köçmək üçün birdəfəlik pul verilməsindən deyil, onların yeni ərazidə daimi iş, münasib mənzil və normal yaşayış şəraiti ilə təmin olunmasından asılıdır. Əgər insan bölgəyə köçdükdən sonra iş tapa bilmirsə, gəliri ailəsinin ehtiyaclarını ödəmirsə və sosial xidmətlərə çıxış çətinləşirsə, maliyyə dəstəyi uzunmüddətli nəticə verməyəcək.

İqtisadçı qeyd edib ki, Azərbaycan üçün belə proqramın əsas məqsədi insanları inzibati qaydada paytaxtdan uzaqlaşdırmaq deyil, bölgələrdə yaşamağı və işləməyi iqtisadi baxımdan cəlbedici etmək olmalıdır.

Onun fikrincə, bunun üçün əvvəlcə hansı rayonlarda işçi qüvvəsinə ehtiyac olduğu, hansı sahələrin inkişaf potensialının mövcudluğu və hansı peşələr üzrə kadr çatışmazlığı yaşandığı müəyyənləşdirilməlidir. Aqrar sektor, emal sənayesi, turizm, tikinti və xidmət sahələrində real iş yerləri yaradılmadan köçürülməni stimullaşdırmaq gözlənilən nəticəni verməyə bilər.

Akif Nəsirli bildirib ki, iqtisadi təşviqlər köç xərclərinin qarşılanması, müəyyən müddətə kirayə haqqının və kommunal ödənişlərin subsidiyalaşdırılması, güzəştli şərtlərlə mənzil əldə etmək, peşə hazırlığı keçmək və kiçik biznes qurmaq üçün maliyyə dəstəyi formasında ola bilər.

O əlavə edib ki, işəgötürənlərə də bölgələrdə yeni iş yerləri yaratdıqlarına və köçən şəxsləri uzunmüddətli əmək müqaviləsi ilə işə götürdüklərinə görə müəyyən güzəştlər verilə bilər. Qazaxıstanın proqramında köç xərclərinin ödənilməsi, kirayə dəstəyi, mənzil əldə etmək üçün maliyyə imkanları və işə düzəlməyə kömək kimi tədbirlər nəzərdə tutulur.

İqtisadçının sözlərinə görə, Azərbaycanda bu mexanizmin səmərəli işləməsi üçün proqram mərhələli şəkildə, əvvəlcə işçi qüvvəsinə real ehtiyac olan bir neçə rayonda sınaqdan keçirilə bilər. Köçürülmə yalnız yeni iş yeri və yaşayış şəraiti əvvəlcədən müəyyənləşdirildikdən sonra həyata keçirilməlidir.

O vurğulayıb ki, eyni zamanda, məktəb, xəstəxana, ictimai nəqliyyat və internet kimi xidmətlərin əlçatanlığı təmin edilməlidir. Əks halda, insanlara verilən maddi dəstək onların bölgədə uzun müddət qalmasına kifayət etməyəcək.

Akif Nəsirli hesab edir ki, belə bir proqram paytaxta miqrasiyanı müəyyən qədər zəiflədə və bölgələrdə əmək bazarını canlandıra bilər. Lakin təkcə köçürülmə təşviqləri Bakıya axının qarşısını almaq üçün yetərli deyil.

Onun fikrincə, əsas məsələ bölgələrdə davamlı iş yerlərinin yaradılması, əməkhaqlarının rəqabətədavamlı olması və sahibkarlığın inkişafıdır. İnsan bölgədə paytaxtdakına yaxın gəlir əldə edə, münasib mənzildə yaşaya və ailəsinin sosial ehtiyaclarını qarşılaya bilirsə, orada qalmaq qərarı daha real olur.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki