Türkiyənin Aydın şəhərində oleandr bitkisini maraqdan yeyən 40 yaşlı Namık Özden qısa müddət sonra özünü pis hiss edərək xəstəxanaya çatdırılıb. Vəziyyəti ağırlaşdığı üçün o, reanimasiya şöbəsinə yerləşdirilib.
Referans Media xəbər verir ki, hadisə Alamut kəndində baş verib. İddialara görə, Namık Özden kənd ərazisində tapdığı zəhərli oleandr bitkisini dadına baxmaq məqsədilə yeyib. Qısa müddət sonra səhhəti pisləşən şəxs təcili olaraq 112-yə zəng edərək kömək istəyib.
Təcili tibbi yardım briqadası tərəfindən əvvəlcə Nazilli Dövlət Xəstəxanasına aparılan Özden, vəziyyətinin ağırlaşması səbəbindən Aydın Adnan Menderes Universiteti Tətbiqi və Araşdırma Xəstəxanasına təxliyə edilib.
Həkimlərə verdiyi məlumata görə, çiçəyi sadəcə maraqdan yediyi bildirilən xəstənin reanimasiya şöbəsində müalicəsi davam edir.
Mütəxəssislər oleandr bitkisi kimi bəzi bitkilərin son dərəcə zəhərli olduğunu xatırladaraq, vətəndaşlara təbiətdə rast gəlinən bitkiləri heç bir halda istehlak etməmələri barədə xəbərdarlıq ediblər.
