Braziliyada köpəkbalığı daha bir nəfərə hücum etdi

Braziliyanın Resifi şəhərində iki gün ardıcıl baş verən köpəkbalığı hücumları bölgədə təşviş yaradıb. 11 yaşlı uşağın hücuma məruz qalmasından cəmi bir gün sonra 19 yaşlı gənc qız da köpəkbalığının qurbanı olub.

Boa Viagem çimərliyində üzən Marsela Vitoriya de Lima Santos pələng köpəkbalığının hücumuna məruz qalıb. Onun sağ ayağı ağır xəsarət alıb və xəstəxanada amputasiya edilib. Hazırda həkimlər infeksiya riskinin qarşısını almağa çalışırlar.

Bir gün əvvəl isə Piedade çimərliyində 11 yaşlı oğlan uşağı öküz köpəkbalığının hücumuna məruz qalmışdı. Ağır yaralanan uşağın sol ayağını xilas etmək mümkün olmayıb.

Rəsmi məlumatlara görə, son 34 ildə Resifi bölgəsində 84 köpəkbalığı hücumu qeydə alınıb. Bu hadisələrin 27-si ölümlə nəticələnib. Mütəxəssislər sakinləri və turistləri dənizə girərkən daha ehtiyatlı olmağa çağırırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki