Böyük Britaniya 2003-cü ildə İraqda hərbi kampaniyada iştirak təcrübəsini nəzərə alıb və ABŞ-ın İrana qarşı zərbələrinə qoşulmaq niyyətində deyil.
Referans Media xəbər verir ki, bu barədə Birləşmiş Krallığın baş naziri Kir Starmer İcmalar Palatasında çıxışı zamanı deyib.
“Hamımız İraq səhvlərini xatırlayırıq və bundan nəticə çıxarmışıq. Böyük Britaniyanın istənilən addımı mütləq hüquqi əsaslara söykənməlidir”, – deyə Kir Starmer qeyd edib.
Hökumət başçısı vurğulayıb ki, London İrana qarşı ilk zərbələrdə iştirak etməyib və hazırkı mərhələdə hücum xarakterli əməliyyatlara qoşulmağı planlaşdırmır.
“Lakin İran tərəfindən region istiqamətində raket və pilotsuz uçuş aparatlarının kütləvi buraxılışı fonunda biz bölgədəki vətəndaşlarımızı qoruyacaq və müttəfiqlərimizin kollektiv özünümüdafiəsini dəstəkləyəcəyik. Bu, Britaniya xalqı qarşısında bizim borcumuzdur”, – deyə Britaniya baş naziri əlavə edib.//globalinfo.az























