16 yaşlı TikTok fenomeninin faciəli ölümü: Kəsilmiş başı qara paketdə tapıldı

Ekvadorda 16 yaşlı TikTok fenomeni Leslibet Anahi Qarsiya Fariasın qətlə yetirilməsi ölkədə böyük səs-küyə səbəb olub. Yeniyetmə qızın kəsilmiş başı idman zalının yaxınlığında qara paketin içində aşkarlanıb. Onun cəsədinin digər hissələri isə hələ tapılmayıb.

Referans Media xəbər verir ki, hadisə Ekvadorun El Oro əyalətinin Pasaxe şəhərində oktyabrın 24-də baş verib. Səhər saat 07:00 radələrində Sezar Fadul idman zalının yaxınlığında şübhəli paket aşkarlanıb. Əraziyə gələn polis əməkdaşları paketin içərisində 16 yaşlı Leslibet Anahi Qarsiya Fariasın kəsilmiş başını tapıblar.

Pasaxe Texniki Təhsil Müəssisəsinin şagirdi olan yeniyetmənin TikTok platformasında rəqs etdiyi, mahnı oxuduğu və gündəlik həyatından görüntülər paylaşdığı bildirilir.

Hadisədən sonra polis genişmiqyaslı araşdırmaya başlayıb. Hüquq-mühafizə orqanları yeniyetmənin cəsədinin qalan hissələrini tapmaq üçün axtarışları davam etdirir. Kriminal ekspertlər hadisə yerindən bioloji nümunələr və digər sübutlar toplayıblar. Qətlin harada və hansı şəraitdə törədildiyi hələ müəyyənləşdirilməyib.

Qətllə bağlı araşdırma zamanı sosial şəbəkələrdə gənc qıza aid olduğu bildirilən video da üzə çıxıb. Görüntülərdə silahlı şəxsin yeniyetməni təhdid etdiyi və onun başına silah tuşladığı görünür. Videoda Leslibethin bəzi şəxslərin adlarını çəkdiyi və başına gələnlərdən danışdığı eşidilir. Lakin görüntülərin nə vaxt və harada çəkildiyi hələ müəyyənləşdirilməyib. Polis videonun həqiqiliyini və qətllə əlaqəsini araşdırır.

Polis əməkdaşları yeniyetmənin kəsilmiş başının tapıldığı ərazidə təhdid məzmunlu qeyd də aşkarlayıblar. Qeyddə rəqib cinayətkar qruplaşmalara məlumat ötürməkdə ittiham olunan şəxslərə qarşı təhdidlərin yer aldığı bildirilir. Bununla belə, Leslibethin hər hansı cinayətkar qruplaşma ilə əlaqəsinin olduğuna dair təsdiqlənmiş məlumat yoxdur. Polis qeydlərinə əsasən, onun əvvəllər məhkumluğu da olmayıb.

Ekvador Milli Polisinin qətllərin və zorakılıq nəticəsində baş verən ölümlərin araşdırılması üzrə bölməsi hadisənin təfərrüatlarını müəyyənləşdirmək üçün işini davam etdirir.

Oktyabrın 26-na olan məlumata görə, qətlin motivi və şübhəlilərin kimliyi açıqlanmayıb, hadisə ilə əlaqədar saxlanılan şəxslər barədə də məlumat verilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki