Dünyaca məşhur parkda dəhşət: qadını bıçaqla hədələyib təcavüz etdilər

ABŞ-ın Nyu-York şəhərində yerləşən dünyaca məşhur Central Parkda 39 yaşlı qadın bıçaqla hədələnərək cinsi zorakılığa məruz qalıb. Hadisədən sonra qaçan şübhəlinin axtarışına başlanılıb. Polis təhlükəsizlik kameralarının görüntülərini araşdırır.

Referans Media xəbər verir ki, hadisə oktyabrın 24-də, yerli vaxtla saat 20:30 radələrində Manhetten bölgəsindəki Central Parkda baş verib. Məlumata görə, Şərqi 66-cı küçə ilə Beşinci prospektin yaxınlığında hərəkət edən 39 yaşlı qadına naməlum şəxs yaxınlaşıb. O, qadını bıçaqla hədələyərək parkın ağaclıq və nisbətən sakit ərazisinə aparıb və ona qarşı cinsi zorakılıq törədib.

Hücumun fərqinə varan şəxslərdən birinin 911-ə zəng etməsindən sonra əraziyə polis və təcili tibbi yardım əməkdaşları göndərilib. Hadisədən sonra şübhəli parkın qərb istiqamətinə qaçaraq ərazidən uzaqlaşıb. Zərərçəkən qadın xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin stabil olduğu bildirilib.

Nyu-York polisi hadisəni törədən şəxsin kimliyini müəyyənləşdirmək üçün parkda və ətraf ərazilərdəki təhlükəsizlik kameralarının görüntülərini araşdırır. Lakin ilkin görüntülərin aydın olmaması şübhəlinin müəyyənləşdirilməsini çətinləşdirir. İlkin məlumata görə, şübhəlinin 30 yaşlarında olduğu ehtimal edilir. Hadisə zamanı onun qara kapüşonlu üst geyimində, qara şalvarda olduğu və qara bel çantası daşıdığı bildirilir. Polis onun qaçış istiqamətini müəyyənləşdirmək üçün parkın ətrafındakı müşahidə kameralarının qeydlərini də yoxlayır. Hələlik hadisə ilə bağlı heç kim saxlanılmayıb.

Hadisə parkdakı təhlükəsizlik tədbirlərini yenidən gündəmə gətirib. Polis məlumatlarına əsasən, 2026-cı ilin əvvəlindən oktyabrın 18-dək "Central Park"da dörd təcavüz hadisəsi qeydə alınıb. Son hadisə ilə bu rəqəm beşə yüksəlib. Müqayisə üçün, 2025-ci ilin eyni dövründə parkda üç belə hadisənin qeydə alındığı bildirilir. Məlumata görə, polis əməkdaşları xüsusilə gəzinti yollarında və ağaclıq ərazilərdə patrul xidmətini gücləndiriblər.

"Central Park"da baş verən son hadisədən təxminən bir həftə əvvəl də 32 yaşlı qadının hücuma məruz qaldığı bildirilir. Oktyabrın 18-də velosipedlə evinə qayıdan qadın parkın Qərbi 93-cü küçə yaxınlığında üç kişinin hücumuna məruz qaldığını bildirib. Şübhəlilərin qadını döydükdən sonra onun çantasını götürərək qaçdıqları qeyd olunur. Həmin hadisənin iştirakçılarının tutulması istiqamətində də araşdırmalar davam edir.

Nyu-York şəhərinin meri Zohran Mamdani "Central Park"da baş verən cinsi zorakılıq hadisəsinə münasibət bildirərək şəhər sakinlərinin günün istənilən saatında özlərini təhlükəsiz hiss etməli olduqlarını vurğulayıb.

Mamdani zərərçəkən qadına lazımi dəstəyin göstərilməsi üçün iş aparıldığını, oxşar hadisələrin qarşısının alınması və təqsirkarların tutulması məqsədilə polislə koordinasiyalı fəaliyyət göstərdiklərini bildirib.

Nyu-York polisi şübhəlinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki