Bu kənd Naxçıvana qaytarılır

Ermənistan hökuməti Konstitusiya dəyişikliyinə dair referendumundan sonra anklavlar məsələsini müzakirə etməyə başlayacaq.

Bu barədə “Hraparak” ölkənin rəsmi mənbələrinə istinadla məlumat yayıb. Nəşr yazıb ki, əsas müzakirə mövzusu Azərbaycanın sərhəddə yerləşən anklavı Kərki ilə bağlıdır. Mənbə qeyd edib ki, Nikol Paşinyan hökuməti hələlik məsələnin müzakirəsini təxirə salmaq qərarına gəlib, çünki referendumdan əvvəl kəndin Azərbaycana qaytarılması hakimiyyətin daxildəki nüfuzuna ciddi ziyan vuracaq və bu, konstitusiya dəyişikliyi planını poza bilər.

“Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının bəzi üzvləri Kərkinin Başkəndlə dəyişdirilməsində israr edirlər. Amma Baş nazir Nikol Paşinyan buna qarşı çıxır”, - nəşr qeyd edib. 

Xatırladaq ki, Ermənistan Muxtar Respublikanın Kərki kəndi ilə yanaşı, Qazax rayonunun Sofulu, Yuxarı Əskipara və Barxudarlı yaşayış məntəqələrini də Azərbaycana qaytarmalıdır.

Referendumdan sonra anklavlar problemi həllini tapa bilərmi?

Professor Fikrət Yusifov Musavat.com-a bildirib ki, hakimiyyətin müxalifətin istəmədiyi dəyişiklikləri nəzərdə tutan referendum keçirmək riskləri böyükdür: “Özümüzü aldatmayaq, Paşinyan hakimiyyəti bu gün konstitusiyada dəyişikliklərin zəruriliyi ilə bağlı hansı bəyanatları verməsindən asılı olmayaraq, onun rəhbərlik etdiyi hökumət ölkədə referendum keçirməyə hazır deyil”.

Onun sözlərinə görə, Moskva isə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının əleyhinədir: “Sülh müqaviləsinin bağlanması ətrafında hər hansı bir fikri bəyan etməzdən öncə, Moskvanın regiona real təsir imkanlarını mütləq dəyərləndirmək lazımdır. Bu müqavilənin bağlanması qarşısında dayanan əsas əngəl Ermənistan deyil, Kremldir".

Yusifovun fikrincə, əgər Kreml Ukrayna ilə müharibə müstəvisində ABŞ-la anlaşarsa, o halda Cənubi Qafqazda hadisələrin hansı ssenari üzrə davam edəcəyi ciddi sual altında olacaq: "Ruslar ABŞ prezidentinə Rusiyanın təbii sərvətlərinin istismarına dair 15 trilyon dəyərində sövdələşmə təklif ediblər. Tramp hələ ki, bu təklifə cavab verməsə də, sonda belə bir “yağlı tikəni” mütləq qəbul edəcək. Ancaq bunun qarşılığında Rusiyanın Trampdan istəyi nə olacaq? Bax, bu əsas sualdır. Bu sualın cavabı tapılana qədər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasından danışmaq tezdir. Azərbaycan anklavlarının taleyi də məhz sülh müqaviləsi bağlandıqdan sonra baxıla bilər”./Teleqraf.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki