Əhaliyə PİS XƏBƏR: Bu ərzaqlar bahalaşacaq

Yeni mövsümdə ərzaq bazarında bütün məhsulları əhatə edən kəskin bahalaşmadan daha çox, ayrı-ayrı məhsul qrupları üzrə mərhələli qiymət artımı gözlənilir. Xüsusilə meyvə-tərəvəz, ət və süd məhsulları ilə yanaşı, idxaldan asılı olan bitki yağları, şəkər, un və un məmulatlarının qiymətində dünya bazarındakı dəyişikliklər, logistika və enerji xərcləri əsas risklər sırasında göstərilir.

Referans Media-ya açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, yeni mövsümdə ərzaq qiymətlərinin tədricən yüksəlməsi ilə bağlı gözləntilər realdır.

Onun sözlərinə görə, Azərbaycanda ərzaq inflyasiyasının təsiri əhalinin gündəlik xərclərində kifayət qədər ciddi olaraq qalır:

“Ümumiyyətlə, mənim fikrimcə, yeni mövsümdə ərzaq bazarında əsas risk yalnız mövsümi məhsullarla bağlı deyil. Yeni mövsümdə ərzaq qiymətlərinin tədricən yüksəlməsi ilə bağlı gözləntiləri real hesab edirəm. Artıq 2026-cı ilin yanvar və iyul aylarında Azərbaycanda istehlak qiymətləri, ümumiyyətlə, rəsmi statistikaya görə 5,7 faiz, qida məhsulları, içkilər və tütün məlumatları üzrə isə nisbətən daha yüksəkdir – 6,9 faiz”.

İqtisadçı qeyd edib ki, ilk növbədə meyvə, tərəvəz, kartof, soğan və digər mövsümi kənd təsərrüfatı məhsullarında qiymət dəyişiklikləri müşahidə oluna bilər. Onun sözlərinə görə, burada əsas amillər məhsul yığımı, saxlama imkanları, hava şəraiti, suvarma xərcləri, yanacaq və gübrə qiymətləri, eləcə də logistika xərcləridir.

“Yanacaq və digər əmək, inzibati xərclər artdıqda logistika xərcləri də artır. Məhsul bol olduğu dövrdə qiymətlər müəyyən qədər sabitləşə bilər. Lakin sonrakı mərhələdə saxlama və daşınma xərclərinin artması, saxlanmada müəyyən problemlərin yaranması əlavə xərc yaratdığından qiymətlərə təzyiq göstərə bilər”, – deyə Asif İbrahimov vurğulayıb.

İqtisadçı əsas risklərdən birinin də ət və süd məhsulları ilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, bu məhsulların qiymətinə yem, enerji, baytarlıq, logistika və digər istehsal xərcləri təsir edir:

“Xüsusilə yem bazarında xarici asılılığın olduğunu nəzərə alsaq, yem məhsullarının bahalaşması nəticədə ətin, südün və süd məhsullarının maya dəyərinə ciddi təsir göstərə bilir. Belə olduqda da bu tip məhsulların son qiymətinə təsir göstərir”.

Asif İbrahimov hesab edir ki, Azərbaycanda idxaldan asılılıq yalnız hazır şəkildə xaricdən gətirilən ərzaq məhsulları ilə məhdudlaşmır. Ölkədə istehsal olunan məhsulların da toxum, gübrə, heyvandarlıq üçün yem, enerji və baytarlıq preparatları baxımından xarici bazardan asılılığı var.

“Burada söhbət yalnız idxal məhsullarından getmir. Bitki yağları, şəkər, süd yağları, bundan başqa bəzi xammal və qida sənayesində istifadə olunan komponentlərin dünya qiymətlərində baş verən dəyişiklikləri də biz inflyasiya şəklində idxal edirik. Eyni zamanda, gömrük rüsumları da əlavə xərc yaradır və həmin xərclər məhsulun maya dəyərinin üzərinə gəlir”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, xüsusilə bitki yağları, şəkər, un və un məmulatları üzrə beynəlxalq bazardakı qiymət dəyişikliklərini izləmək vacibdir. Çünki bu məhsulların bahalaşması yalnız həmin məhsullarla məhdudlaşmır və zəncirvari şəkildə digər qida məhsullarının da maya dəyərinə təsir edir.

“Məsələn, unun bahalaşması çörək və un məmulatlarının, bitki yağlarının bahalaşması isə bir sıra qida məhsullarının maya dəyərinin artmasına səbəb ola bilər”.

İqtisadçı enerji qiymətlərindəki artımın da ərzaq inflyasiyasını sürətləndirə biləcəyini deyib. Onun sözlərinə görə, neft və qazın bahalaşması ilk baxışda yalnız enerji bazarına aid məsələ kimi görünsə də, əslində yanacaq, gübrə, qablaşdırma, soyuducu sistemlər, yükdaşıma və logistika xərcləri vasitəsilə ərzağın son qiymətinə mərhələli şəkildə təsir edir.

“Hazırda Yaxın Şərqdə baş verənləri də nəzərə almaq lazımdır. Hörmüz boğazı vasitəsilə bir sıra dərman, gübrə, kimyəvi məhsullar və karbohidrogen ehtiyatları dünya bazarına çıxarılır. Oradakı proseslər və marşrutlarda yaranan problemlər qiymət artımının birbaşa yekun qiymətə təsir göstərməsinə səbəb ola bilər”, – deyə Asif İbrahimov qeyd edib.

O bildirib ki, ailələrin gündəlik xərclərinə təsir baxımından əvəzlənməsi çətin olan məhsullar daha həssas qrupdur. Bunlara çörək və un məmulatları, süd məhsulları, yumurta, ət, bitki yağları, şəkər, tərəvəz və meyvələr daxildir.

“Bu məhsulların bir neçəsinin eyni vaxtda bahalaşması ayrı-ayrılıqda böyük görünməyə bilər. Amma ailələrin aylıq ərzaq səbətinin ümumi dəyərini nəzərəçarpacaq dərəcədə artıra bilər”, – deyə ekspert vurğulayıb.

İqtisadçı Azərbaycanda əhalinin gəlirlərinin əhəmiyyətli hissəsinin qidaya xərcləndiyini də diqqətə çatdırıb:

“Orta statistik Azərbaycan vətəndaşı qazancının neçə faizini qidaya sərf edir? Bu, rəsmi statistikaya görə 50 faizdən yuxarıdır. Bu da normal deyil. Alman iqtisadçısı Engel qanununa görə, insanın qazancı artdıqca qidaya xərclədiyi vəsaitin payı azalmalıdır. Beynəlxalq praktikada insanların sosial rifah vəziyyəti də bu göstərici ilə ölçülür”.

Onun sözlərinə görə, inkişaf etməkdə olan ölkələrdə bu göstərici təxminən 20 faiz, ABŞ kimi ölkələrdə 15-20 faiz, bir sıra Avropa ölkələrində isə 30-35 faiz arasındadır.

“30 faizdən yuxarı olduqda artıq risk kateqoriyasına daxil olur. Hökumətlər bununla bağlı açıqlama verməlidir ki, orta statistik vətəndaş niyə qazancının 50, 60 və yaxud 40 faizindən çoxunu məhz qidaya xərcləyir. Burada deməli, nəyisə düzgün etmirik”.

Asif İbrahimov hesab edir ki, yeni mövsümdə ərzaq bazarında əsas gözlənti kəskin və bütün məhsulları əhatə edən bahalaşma deyil, mərhələli və məhsul qrupları üzrə fərqlənən qiymət artımıdır.

“Mövsümi məhsullarda əsas risk məhsuldarlıq və hava şəraiti, idxaldan asılı məhsullarda isə dünya qiymətləri, logistika, valyuta və enerji xərcləridir. Əgər bu amillər eyni vaxtda mənfi istiqamətdə hərəkət edərsə, ərzaq inflyasiyasının hazırkı səviyyədən daha da yüksəlməsi mümkündür”.

İqtisadçı bildirib ki, uzunmüddətli qiymət sabitliyinin yolu qiymətləri inzibati qaydada saxlamaqdan deyil, daxili istehsalı, saxlama və logistika infrastrukturunu, eləcə də emal və ərzaq ehtiyatlarının idarə olunmasını gücləndirməkdən keçir.

“Uzunmüddətli qiymət sabitliyinin ən etibarlı yolu bazarda təklifin davamlı və dayanıqlı şəkildə artırılmasıdır. Biz bunu edə bilmədiyimiz təqdirdə böyük ölçüdə idxaldan asılı oluruq. Bu isə qida təhlükəsizliyimiz üçün ciddi risk yaradır”.

İqtisadçı qeyd edib ki, ölkədə qida təhlükəsizliyi ilə bağlı dövlət proqramlarının qəbul olunması da bu baxımdan əhəmiyyətlidir. Onun sözlərinə görə, qida təhlükəsizliyinin mahiyyəti əhalinin ucuz və keyfiyyətli məhsullara əlçatanlığının təmin edilməsidir.

“Bizim iki variantımız var. Ya ölkədə emal sənayesini və istehsalı qurmalıyıq, yaxud da qəbul etməliyik ki, bunu bacarmırıq və Ümumdünya Ticarət Təşkilatına üzv olmalıyıq. Kim bizdən bacarıqlıdırsa, bizim bazarımıza daha ucuz məhsul gətirib çatdırsın”, – deyə Asif İbrahimov əlavə edib.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki