Sabah elan ediləcək prezident və parlament seçkilərinin nəticələrindən əvvəl Qvineya-Bisauda hərbçilər hakimiyyəti ələ keçirib.
Referans MEDİA xəbər verir ki, Ötən bazar günü keçirilən prezident və parlament seçkilərinin müvəqqəti nəticələrinin açıqlanmasından bir gün əvvəl Qvineya-Bisauda hərbi çevriliş baş verib. Paytaxtda Prezident sarayı, Seçki Komissiyasının qərargahı və Daxili İşlər Nazirliyi yaxınlığında atışmalardan sonra əsgərlər hakimiyyəti ələ keçirdiklərini elan etmək üçün dövlət televiziyasına çıxıblar. Əsgərlər asayişi bərpa etmək üçün Ali Hərbi Komandanlıq yaratdıqlarını və növbəti xəbərdarlığa qədər ölkəyə nəzarəti öz öhdəliklərinə götürdüklərini açıqlayıblar. Ali Hərbi Komandanlığın sözçüsü Dinis N’Tchama çevrilişin ölkədə sabitliyi pozmaq üçün davam edən planın aşkarlanmasına cavab olduğunu bildirib.
Ali Hərbi Komandanlıq prezident Umaro Sissoco Embalonun vəzifədən kənarlaşdırıldığını, seçki prosesinin dayandırıldığını, sərhədlərin bağlandığını və ümummilli komendant saatı tətbiq edildiyini açıqlayıb. Keçən bazar günü keçirilən prezident seçkilərində hazırkı prezident Embalo və onun rəqibi Fernando Dias üz-üzə gəlib və hər iki tərəf qalib gəldiyini iddia edib. Diası dəstəkləyən keçmiş baş nazir Dominqos Simões Pereyra Embalonu seçkidə uduzduğunu anladıqdan sonra saxta çevriliş cəhdini təşkil etməkdə və bununla da fövqəladə vəziyyət elan etməkdə ittiham edib.
2023-cü ilin dekabrında paytaxt Bissauda saatlarla davam edən atışmalardan sonra Embalo hökuməti hadisəni çevriliş cəhdi elan etdi və parlamenti buraxdı. Qvineya-Bisau o vaxtdan bəri qanunverici orqan olmadan idarə olunur.
Digər tərəfdən, Seneqal və Qvineya arasında kiçik bir ölkə olan Qvineya-Bisau 1974-cü ildə Portuqaliyadan müstəqillik qazandıqdan sonra ən azı doqquz çevriliş cəhdi ilə üzləşib.
