Bu, sevindirici haldır, amma yekun hədəf deyil — Nazir

"Çəltikçiliyin Azərbaycanda tarixi ənənələri var. Bu ənənələri davam etdirmək və indiyədək əldə olunmuş uğurları daha da inkişaf etdirmək məqsədilə festival həyata keçirilir. Festival Ucar Rayon İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir".

Referans Media  xəbər verir ki, bu sözləri Ucarda keçirilən "Çəltik" və "Aqrar Biznes" festivallarında kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

Nazir qeyd edib ki, Azərbaycanda son 10 ildə çəltik əkilən sahələr 1500 hektardan 2026-cı ildə 8000 hektardan artıq əraziyə çatıb:

"Məhsuldarlıq əvvəlki illərdə 19-20 sentner olduğu halda, bu il sahələrin artıq 50 faizi yığılıb və 40 sentnerdən yuxarı məhsuldarlıq müşahidə olunur. Əlbəttə ki, bu, sevindirici haldır, amma yekun hədəf deyil. 25 may 2026-cı il tarixində cənab Prezidentin sədrliyi ilə keçirilən müşavirədən sonra təsdiq olunmuş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, akvakultura və balıqçılıq məhsullarının istehsalı və emalı sahələrinin inkişaf etdirilməsi üzrə 2026–2030-cu illər üçün Proqram" çərçivəsində 2030-cu ilə qədər Azərbaycanda çəltik və düyü istehsalı üzrə özünütəminetmə səviyyəsinin artırılması hədəf olaraq müəyyənləşdirilib".

Nazir bildirib ki, festivalın Ucar rayonunda keçirilməsinin səbəblərindən biri ölkədə çəltik əkilən sahələrin, demək olar ki, üçdə birinin bu rayonda yerləşməsidir:

"Ucarda çəltikçiliyin müasir yanaşmalarla həyata keçirilməsi istiqamətində sınaqlar aparılır. Nəticələr uğurlu olduğu təqdirdə təcrübələrin ölkə üzrə yayılmasına nail olmağa çalışacağıq. Festivallar artıq beş ildən çoxdur ki, ölkəmizdə keçirilir. Bu yaxınlarda Ağdamda 100-cü festivalı keçirdik. Bu gündən etibarən festivalların ölkə üzrə keçirilməsini davam etdirəcəyik. Festivallar sayəsində fermerlərin müasir texnologiyalara, alətlərə, toxum və gübrələrə, eləcə də innovativ həllərə çıxış imkanları artır. Fermerlər aqrar texnologiyalar və innovasiyalarla tanış olur, həmin yenilikləri öz təsərrüfatlarında tətbiq etmək üçün əldə edə bilirlər. Festivallar çərçivəsində fermerlər üçün məhsul satış yarmarkaları da təşkil olunur. Yarmarkalar vasitəsilə arıçı fermerlər və digər yerli, regional fermerlər məhsullarını sata bilirlər. Eyni zamanda, maliyyə və kredit məsələlərinə dair müzakirə panelləri təşkil olunur. Fermerlərə dövlət dəstəyi tədbirləri və bankların təqdim etdiyi kreditlər haqqında ətraflı məlumat verilir. Bununla da fermerlərin maliyyə resurslarına çıxış imkanlarının artırılmasına çalışılır"./demokrat.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki