Oktyabrın 23-də Azərbaycanın bir sıra rayonlarında qeyri-sabit hava şəraiti müşahidə olunub. Bəzi ərazilərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb, Şahdağda isə qar qeydə alınıb.
Bu barədə Referans Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Xidmətin oktyabrın 23-ü saat 11:00-a olan məlumatına əsasən, ən çox yağıntı Şamaxı və Oğuz rayonlarında qeydə alınıb. Belə ki, Şamaxıya 63 mm yağıntı düşüb ki, bu da aylıq normanın 83 faizini təşkil edir. Oğuzda isə 52 mm yağıntı qeydə alınıb və bu, aylıq normanın 51 faizinə bərabərdir.
Saatlıda 17 mm, Kişçayda (Şəki) 15 mm, Sarıbaşda (Qax) 12 mm, Zaqatala və Tərtərdə 11 mm, Ordubad və Qubada 10 mm, Şahdağda isə 9 mm yağıntı düşüb.
Ölkənin digər ərazilərində də yağıntılı hava şəraiti müşahidə olunub. Sabirabad, Ağsu, Qəbələ, İsmayıllı, Gədəbəy, Sədərək, Göygöl, Ağstafa, Şərur, Qusar, Şahbuz, Balakən, Qobustan, Qrız, Xaçmaz, Kürdəmir, Qazax, Şəmkir, Tovuz, Culfa, Xınalıq, Xızı, Bərdə, Neftçala, Biləsuvar, Yardımlı, Naxçıvan, Daşkəsən, Gəncə, Naftalan, Xaltan, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Hacıqabul, İmişli, Ağdam və Goranboyda 8 mm-dək yağıntı qeydə alınıb.
Bakıda və Abşeron yarımadasında isə yağıntının miqdarı 1 mm-dək olub.
Bundan əlavə, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı və Füzuli rayonlarında qısamüddətli, leysan xarakterli intensiv yağış yağıb.
Qeyd edək ki, oktyabrın 22-də Gədəbəy rayonunun bəzi ərazilərinə xırda dənəli dolu düşüb.
