Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. Üçüncü kursda təhsil alan gənc qız burun əməliyyatından sonra dünyasını dəyişib. O, UFAZ-da kompüter elmləri ixtisası üzrə təhsil alırmış.
Burun əməliyyatından sonra gənc tələbənin həyatını itirməsi cəmiyyətdə estetik əməliyyatların, xüsusilə rinoplastikanın təhlükəsizliyi ilə bağlı sualları yenidən gündəmə gətirib.
Bəs belə əməliyyatlardan sonra ağır fəsadlar və ölüm halları hansı səbəblərdən baş verir? Niyə burun əməliyyatları zamanı da həyati risklər yarana bilir? Kimlər üçün bu cür əməliyyatlar təhlükəli hesab olunur?
Adil Qeybulla Qubad İbadoğlunun ADR Hərəkatından istefa verdi — BƏYANAT
Referans Media bildirir ki, tanınmış həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla Musavat.com-a açıqlamasında qeyd edib ki, estetik əməliyyatlarla bağlı ağırlaşmalar və ölüm halları yalnız son günlər baş verən hadisə deyil.
Professorun sözlərinə görə, cəmiyyətdə estetik əməliyyatlara böyük tələbatın yaranması bu sahənin sürətlə genişlənməsinə səbəb olub: “Bu, təkcə bu günlərdə yaşanan məsələ deyil. Belə estetik əməliyyatların ağır fəsadları əvvəllər də müşahidə olunub. Bu əməliyyatlara cəmiyyətdən çox böyük sosial sifariş var. Faktiki olaraq, bu əməliyyatların aparılması insanların simalarının ümumiləşdirilməsinə gətirib çıxarıb. Əksər adamlar, demək olar ki, bir-birinə oxşayırlar.
Cəmiyyətdən olan sosial sifariş, təbii ki, bu sahəyə meyli və burada mütəxəssislərin sayının artmasını şərtləndirir. Bacarığının, bu sahədə kifayət qədər təcrübəsinin olub-olmamasından asılı olmayaraq, bu işlə məşğul olanlar var. Biz də aşkar edirik ki, bəzən bu istiqamətdə heç təcrübəsi olmayan insanlar belə estetik əməliyyatlar aparırlar”.
Adil Qeybulla hesab edir ki, estetik əməliyyatların sayının artması ilə onların yaratdığı ağırlaşmaların və ölüm hallarının da çoxalması mümkündür. “Digər tərəfdən, təbii ki, bu əməliyyatların çoxluğunda ağırlaşmalar, ölüm halları da çoxalacaq. Klinik protokol, o cümlədən estetik əməliyyatların öz klinik protokolu olmalıdır. Bunların müayinə protokolu, əməliyyatdan sonra isə xəstələrin aparılması ilə bağlı protokolu olmalıdır. Hər bir xəstədə müəyyən ağırlaşmalar ola bilər. Təcrübə göstərir ki, onların həm yoxlanılması, həm də əməliyyatdan sonrakı müşahidəsi və aparılması yetərincə deyil”.
Professora görə, əməliyyat zamanı və sonrakı dövrdə yarana biləcək risklərin qarşısının alınması üçün xəstələrin hərtərəfli müayinədən keçirilməsi vacibdir:
“Xəstələr ya dehidratasiyadan, ya müəyyən trombozdan, ya da digər fəsadlardan ölə bilərlər. İstənilən halda bunların baş verməməsi üçün xəstələr ciddi şəkildə yoxlanılmalıdır”.
Adil Qeybulla Azərbaycanda estetik əməliyyatlara tələbatın yüksək olmasına da diqqət çəkib. O bildirib ki, cəmiyyətdə formalaşan bu tələbat nəticəsində estetik cərrahiyyə geniş yayılıb: “Digər tərəfdən, gəlin baxaq görək, dünyanın hansı ölkəsində bu qədər estetik əməliyyat aparılır? Siz gedin görün, Almaniyada bu qədər estetik əməliyyat aparan varmı? Məsələ bundadır ki, indi cəmiyyətdə belə bir sosial sifariş var. İnsanlar yeməyə çörək tapmır, amma 5 min, 10 min, 15 min manat borc alıb gedir burun əməliyyatı etdirir və yaxud başqa estetik əməliyyat keçirir. Bu, sosial sifarişdir. İnsanlar bunu istəyirlərsə, təbii ki, onu həyata keçirən həkim də tapılacaq və bu proses gedəcək”.
Professorun fikrincə, problemin həlli yalnız tibbi nəzarətlə məhdudlaşmır:
“Cəmiyyətdə estetik əməliyyatlara münasibətin dəyişməsi də vacibdir”.
