Sumqayıt şəhərində yol hərəkəti qaydalarını pozan, təhlükəli manevrlər edən və əhalinin dinc istirahətinə mane olaraq səs-küy salan motosiklet sürücülərinə qarşı genişmiqyaslı reyd keçirilib. Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi və digər xidmət sahələrinin birgə əməliyyatı zamanı 22 sürücü saxlanılıb.
Araşdırmalar zamanı dəhşətli faktlar ortaya çıxıb. Saxlanılanlardan 2 nəfərinin motosikleti narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilib. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində 15 gün müddətinə inzibati həbs qətimkan tədbiri seçilib. Digər 20 nəfərin isə sürücülük hüququ və dövlət qeydiyyat nişanı olmadan nəqliyyat vasitəsi idarə etdiyi məlum olub və onlar barəsində qanunauyğun inzibati tədbirlər görülüb.
Referans Media xəbər verir ki, sabiq polis rəisi Mahmud Hacıyev Musavat.com-a deyib ki, Sumqayıtda keçirilən əməliyyat faktiki olaraq şəhərdə ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin bərpası istiqamətində atılan zəruri addımdır:
“22 nəfərin saxlanılması balaca rəqəm deyil. 22 saxlanılan şəxsdən 2 nəfəri sükan arxasında narkotik vasitənin təsiri altında olub. Siz təsəvvür edirsinizmi, narkotiklə zəhərlənmiş bir adam iki təkərli, sürətli bir nəqliyyat vasitəsini idarə edir? Bu, birbaşa potensial cinayətdir! O sürücü küçədə gedən piyada üçün də, digər sürücülər üçün də canlı bir təhlükə mənbəyidir, fırlanan bombadır. Məhkəmənin onlar barəsində 15 sutka inzibati həbs qərarı çıxarması tamamilə qanunauyğundur, hətta deyərdim ki, profilaktika baxımından çox yerində atılmış addımdır”.
Mahmud Hacıyev deyib ki, motoskletin sürücülük hüququ olmadan, dövlət qeydiyyat nişanı olmadan idarə edilməsi də məsuliyyətsizlikdir, hüquqi özbaşınalıqdır: “İnciməsinlər, amma motosiklet almaqla iş bitmir. Onun sənədi olmalıdır, sürücünün hüququ olmalıdır, kaskası olmalıdır. Şəhərin mərkəzində normadan artıq səs-küy salmaq, gecə vaxtı camaatın istirahətini pozmaq, təhlükəli manevrlər etmək – bunlar hamısı ictimai qaydaya hörmətsizlikdir. Dövlət Yol Polisinin və Sumqayıt Şəhər Polis İdarəsinin digər xidmət sahələrinin birgə belə operativ tədbir keçirməsini təqdir edirəm. Çünki polis vaxtında müdaxilə etməsə, bu cür hallar kütləviləşir və xaos yaradır. Lakin bir keçmiş polis rəisi kimi deyirəm: təkcə cərimə və həbslə iş bitmir. Burada profilaktika davamlı olmalıdır. Valideynlər azyaşlı və ya gənc övladlarına sənədsiz, nömrəsiz motosiklet, moped alıb küçəyə buraxmamalıdırlar. Operativ nəzarət evdən başlamalıdır. Bu reydlər kampaniya xarakteri daşımamalıdır. İntizam o vaxt olur ki, sürücü hər an nəzarəti hiss etsin. Polis öz işini görür və görməlidir də. Unutmaq olmaz ki, yol qaydaları qanla yazılır. Bu tədbirlər kimsənin azadlığını məhdudlaşdırmaq üçün yox, günahsız insanların həyatını qorumaq üçün keçirilir. Sükan arxasına əyləşən hər bir şəxs dərk etməlidir ki, o, yalnız öz həyatına deyil, küçədəki yüzlərlə insanların həyatına cavabdehdir”.
