Cəlilabad rayon ərazisində tapılan Xudəpə çoxtəbəqəli qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar zamanı gildən hazırlanmış ocaq qurğuları və onların qalıqları aşkar olunub.
Referans Media xəbər verir ki, diametri 40-45 santimetr olan bu qurğuların yemək bişirmək məqsədilə istifadə edildiyi ehtimal olunur.
“Muğan Tunc-İlk Dəmir dövrü arxeoloji ekspedisiyası”nın rəhbəri, dosent Anar Ağalarzadənin sözlərinə görə, uzun müddət oddan istifadə nəticəsində ocaqların daxilində narın kül təbəqəsi formalaşıb.
Tapıntıların Son Tunc – İlk Dəmir dövrünə aid olduğu ehtimal edilir. Hazırda ərazidə qazıntı işləri davam etdirilir.
Araşdırmalar zamanı yaşayış məskəninin tarixi və burada yaşayan insanların məişəti barədə yeni məlumatlar əldə etməyə imkan verəcək digər arxeoloji nümunələrin də tapılacağı gözlənilir.
