Sentyabrın 20-də Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur.
Referans Media xəbər verir ki, bu münasibətlə Xocavənddə Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında Xüsusi Nümayəndəliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Xocavənd Şəhəri Günü keçirilib.
Tədbir çərçivəsində uşaqlar üçün ustad dərsləri, yaradıcılıq və maarifləndirici vorkşoplar, üz boyama, interaktiv oyunlar və müxtəlif əyləncə proqramları təşkil olunub. Balaca sakinlər üçün “Şəngülüm-Şüngülüm” tamaşası da nümayiş etdirilib.
Hazırda Xocavənd Şəhəri Gününə həsr olunmuş konsert proqramı keçirilir. Proqramda tanınmış incəsənət nümayəndələrinin çıxışları və müxtəlif musiqi-bədii nömrələr təqdim olunur.
Axşam saatlarında isə şəhərdə bayram münasibətilə atəşfəşanlıq olacaq.






