Çörək bu qədər bahalaşa bilər -  Qlobal buğda qiymətlərində artım

Qara dəniz və Azov dənizində limanlara və ticari gəmilərə edilən qarşılıqlı hərbi hücumlar səbəbindən Rusiya və Ukraynanın buğda ixracı kəskin azalıb. Hər iki ölkə dünya buğda ixracının dörddə birindən çoxunu təmin etdiyi üçün marşrutların bağlanması qlobal bazarda buğda qiymətlərində artımların olacağı ilə bağlı narahatlıqlar yaradır.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatlarına və birja göstəricilərinə əsasən, qlobal buğda fyuçersləri son 3 ilin ən yüksək səviyyəsinə çatıb. 

Referans Media bildirir ki, iqtisadçı ekspert Ramil Abbasov mövcud vəziyyətin dünya bazarına və Azərbaycana gözlənilən təsirlərini Ölkə.az-a şərh edib. 

O bildirib ki, Rusiya və Ukraynanın ixracının zəifləməsi ilk baxışdan regional problem kimi görünsə də, əslində təsiri çox qısa zamanda dünyanın müxtəlif ölkələrində hiss oluna bilər:

“Burada əsas məsələ dünyada buğdanın birdən-birə tükənməsi deyil. Problem mövcud buğdanın bazara vaxtında və münasib qiymətə çatdırılmamasıdır. Limanlara və gəmilərə hücumlar artdıqca gəmi sahiblərinin riskləri yüksəlir, sığorta bahalaşır, fraxt xərcləri artır və bəzi şirkətlər ümumiyyətlə həmin marşrutlardan istifadə etmək istəmirlər. Nəticədə, buğdanın istehsal olunduğu yerdə qiyməti ciddi dəyişməsə belə, onun alıcı ölkəyə çatdırılmasının maya dəyəri artır.

Üstəlik, əmtəə bazarlarında qiymətlər yalnız bugünkü vəziyyətə görə formalaşmır. Treyderlər sabah nə baş verə biləcəyini də qiymətə daxil edirlər. Məsələn, bazarda belə bir gözlənti yaranarsa ki, bir neçə həftə və ya ay sonra Qara dənizdən taxıl ixracı ciddi şəkildə azalacaq, qiymətlər ixrac faktiki dayanmadan da yüksələ bilər”.

Buğda nə qədər bahalaşa bilər?

Ekspert deyib ki, hazırkı şəraitdə konkret olaraq “buğda 20 faiz bahalaşacaq” demək düzgün olmaz. Hər şey hərbi vəziyyətin nə qədər davam edəcəyindən və limanların hansı səviyyədə işləyə biləcəyindən asılıdır:

“Əgər hücumlar davam etsə, amma əsas ixrac marşrutları tam bağlanmasa, dünya buğda qiymətlərində əlavə 5-10 faiz artım təzyiqi görə bilərik. Daşımaların daha ciddi məhdudlaşdırıldığı və logistika xərclərinin yüksəldiyi halda isə 10-20 faizlik əlavə bahalaşma real görünür.

Daha ağır ssenari də var. Rusiya və Ukraynanın əsas Qara dəniz limanları uzun müddət normal fəaliyyət göstərə bilməsə, dünya bazarında buğdanın qiymətində 25-40 faiz civarında yüksəliş riski yarana bilər.

Ancaq belə qiymət artımlarının uzun müddət davam etməsi üçün problemin kifayət qədər ciddi olması lazımdır. Çünki yüksək qiymətlər digər böyük istehsalçıları, ABŞ, Kanada, Argentina, Avstraliya və Avropa ölkələrini bazara daha çox məhsul çıxarmağa təşviq edir. Yəni dünya bazarı müəyyən müddətdən sonra alternativ tapmağa başlayır.

Problem ondadır ki, bu alternativ adətən daha baha başa gəlir. Məsələn, Qara dənizdən buğda ala bilməyən idxalçı daha uzaq ölkədən məhsul gətirirsə, təkcə buğdanın deyil, daşınmanın da qiyməti artır”.

Azərbaycan üçün qıtlıq təhlükəsi varmı?

R. Abbasovun sözlərinə görə, Azərbaycanın vəziyyəti bir qədər fərqlidir: “Ölkəmiz buğda idxalında əsasən Rusiya və Qazaxıstana söykənir. 2025-ci ildə Azərbaycan təxminən 1,27 milyon ton buğda idxal edib. Bunun 662 min tonu Qazaxıstandan, təxminən 605 min tonu isə Rusiyadan gətirilib.

2026-cı ilin ilk rübündə isə Rusiya yenidən əsas təchizatçı mövqeyinə keçib. Həmin dövrdə idxal edilən təxminən 372 min ton buğdanın 278 min tonu Rusiyanın payına düşüb.
Bu, bir tərəfdən asılılıq yaradır, digər tərəfdən isə hazırkı böhran şəraitində müəyyən üstünlükdür.

Səbəb sadədir: Azərbaycan bu ölkələrdən buğdanı yalnız Qara dəniz vasitəsilə almır. Rusiya və Qazaxıstanla quru və dəmir yolu əlaqələrimiz mövcuddur. Buna görə, məsələn, Qara dənizdə hansısa böyük taxıl limanının fəaliyyətinin dayanması Azərbaycana buğda idxalının avtomatik dayanacağı anlamına gəlmir.

Hətta müəyyən mənada əks proses də baş verə bilər. Əgər Rusiya Qara dəniz vasitəsilə əvvəlki həcmdə taxıl sata bilməsə, həmin məhsulun bir hissəsini coğrafi baxımdan daha yaxın bazarlara, o cümlədən Cənubi Qafqaza yönəltməyə çalışa bilər.

Ona görə də, indiki mərhələdə Azərbaycan üçün əsas riskin buğda qıtlığı olduğunu düşünmürəm. Əsas risk buğdanın bahalaşmasıdır.

Çünki dünya qiyməti yüksəldikcə rusiyalı və qazaxıstanlı istehsalçının da Azərbaycana məhsulu əvvəlki qiymətlə satmaq üçün iqtisadi motivasiyası azalır. Azərbaycan buğdanı əldə edə bilər, amma daha baha qiymətə”.

Bu bahalaşma un və çörəyə necə keçəcək?

Ekspert bildirir ki, əgər Qara dənizdəki vəziyyət qarşıdakı üç-altı ay ərzində normallaşmasa, Azərbaycanın idxal etdiyi buğdanın qiymətində əlavə artım təzyiqini real hesab edir. Daha ağır ssenaridə bu rəqəm 15-20 faizə qədər yüksələ bilər:

“Lakin vacib bir məsələ var: buğdanın 20 faiz bahalaşması çörəyin də 20 faiz bahalaşması demək deyil.

Buğda unun əsas xammalıdır və buna görə qiymət artımı ilk növbədə un istehsalçılarına təsir edir. Sadə hesablamada buğdanın qiyməti 10 faiz yüksəlsə, unun maya dəyərinə təxminən 6-8 faiz təzyiq yarana bilər. Buğda 20 faiz bahalaşarsa, un üçün təsir təxminən 12-16 faiz səviyyəsində ola bilər

Çörəkdə isə vəziyyət bir qədər fərqlidir. Çörəyin qiymətində yalnız un yoxdur. Buraya əməkhaqqı, elektrik və qaz, maya, logistika, istehsal və satış xərcləri də daxildir. Buna görə buğdadakı qiymət artımı çörəyə daha aşağı nisbətdə ötürülür.

Mənim baza ssenarimdə Azərbaycanda buğdanın 10-20 faiz bahalaşması unun qiymətlərinə təxminən 7-15 faiz, çörəyin maya dəyərinə isə təxminən 3-10 faiz əlavə təzyiq yarada bilər. Amma bu da o demək deyil ki, sabah mağazada çörəyin qiyməti dərhal 10 faiz artacaq.

Azərbaycanda taxıl ehtiyatları, yerli istehsal, dövlət tədarükü və digər tənzimləmə imkanları var. Bunlar xarici qiymət şokunun istehlakçıya dərhal ötürülməsinin qarşısını müəyyən müddət ala bilər. Amma bunları dəqiq qiymət proqnozu kimi deyil, risk ssenarisi kimi qəbul etmək lazımdır.

R. Abbasovun fikrincə, hazırda Azərbaycan üçün ən böyük üstünlük Rusiya və Qazaxıstanla quru nəqliyyat əlaqələrinin olmasıdır. Ən böyük risk isə dünya bazarında bahalaşmanın bu ölkələrin satış qiymətlərinə keçməsidir:

“Yəni Qara dənizdə baş verən hadisələr uzaqda baş verən hərbi proses kimi görünə bilər, amma əslində onların təsiri Azərbaycandakı un kisəsinin və nəticədə, çörəyin maya dəyərinə qədər gəlib çata bilər. Məsələ buğdanın olub-olmamasından daha çox, həmin buğdanın bizə hansı qiymətə çatacağındadır”.

İqtisadçı Xalid Kərimli isə qeyd edib ki, son hadisələrdən sonra dünya bazarında taxıl qiymətlərində artım müşahidə olunur. Belə ki, cari ilin avqust ayında iyul ilə müqayisədə qiymətlərdə 2,2% artım olub ki, bu da 2024-cü ilin may ayından bəri ən yuxarı səviyyədədir:

“Buğda qiymətləri isə son bir ildə 15% bahalaşıb. Bu, idxalla bağlı xərcləri artırır. İdxalçılar da öznövbəsində qiymət artımını çörək və un məhsullarına ötürəcəklər”.

Ekspert vurğulayıb ki, dünyada baş verən bahalaşma Azərbaycanda da tədricən əks olunacaq. Bu hal dərhal baş vermir. Çünki növbəti dövr üçün bağlanan fyuçers müqavilələrində yeni qiymətlər müəyyən olunur. Məsələn, yerli şirkətin Rusiyada hər hansı şirkətlə müqaviləsi varsa, öncə bu müqavilə icra olunur və növbəti müqavilədə yeni qiymətlər tətbiq olunur. Bunun da yerli bazara təsiri tədricən olacaq”.

Könül


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki