Süni intellekt vasitəsilə hazırlanan saxta video və səsləri real materiallardan ayırd etmək üçün hansı texniki üsullardan istifadə olunur? Bu cür saxta məzmunların yayılması hansı kibertəhlükəsizlik risklərini yaradır və istifadəçilər özlərini bu təhlükələrdən necə qoruya bilərlər?
Referans Media-ya açıqlama verən İT mütəxəssisi Kamran Əsədullayev bildirib ki, süni intellekt texnologiyaları artıq elə inkişaf edib ki, bir insanın üzünü, səsini və hətta danışıq tərzini yüksək dəqiqliklə təqlid etmək mümkündür. Bu cür saxta materialları müəyyən etmək üçün mütəxəssislər bir neçə texniki üsuldan istifadə edirlər.
Onun sözlərinə görə, ilk növbədə, videoda üz hərəkətləri, göz qırpma, dodaqların danışıqla uyğunluğu, işıq və kölgələr təhlil olunur. Səs yazılarında isə nitqin ritmi, intonasiya, nəfəs səsləri və rəqəmsal izlər araşdırılır. Bundan əlavə, süni intellekt vasitəsilə yaradılmış məzmunu aşkar etmək üçün xüsusi analiz alətlərindən istifadə edilir. Lakin bu üsulların heç biri saxtakarlığı bütün hallarda yüz faiz dəqiqliklə müəyyən etmir.
İT mütəxəssisi qeyd edib ki, bu cür saxta məzmunlar ciddi kibertəhlükəsizlik riskləri yaradır. Məsələn, hücumçular rəhbər şəxsin və ya ailə üzvünün səsini təqlid edərək insanlardan pul tələb edə, saxta videolarla ictimai rəyi manipulyasiya edə və ya şirkət əməkdaşlarını məxfi məlumatları açıqlamağa sövq edə bilərlər. Bu, həm fərdi istifadəçilər, həm də dövlət qurumları və bizneslər üçün təhlükədir.
Kamran Əsədullayev bildirib ki, istifadəçilər özlərini qorumaq üçün ilk növbədə gördükləri və eşitdikləri hər şeyə dərhal inanmamalıdırlar. Şübhəli məlumatın ilkin mənbəyini yoxlamaq, eyni xəbəri etibarlı mənbələrdə axtarmaq və təcili pul köçürülməsi tələblərini başqa əlaqə kanalı vasitəsilə təsdiqləmək vacibdir.
O əlavə edib ki, hesabların qorunması üçün ikimərhələli autentifikasiyadan istifadə etmək, hesab təsdiqləmə kodlarını heç kimə verməmək və şübhəli keçidlərə daxil olmamaq da mühüm təhlükəsizlik tədbirləridir.
Mütəxəssisin sözlərinə görə, texnologiya saxta məzmun yaratmağı asanlaşdırdıqca, rəqəmsal savadlılıq və məlumatı yoxlama vərdişi daha böyük əhəmiyyət qazanır. Bu gün təkcə gördüyümüzə və eşitdiyimizə deyil, həmin məlumatın haradan gəldiyinə də diqqət yetirməliyik.
Gülnaz Abdullazadə
