"Dərmanı gecikdiriblər, qızımın ölümündə həkimlər günahkardır" - Fidanın atası danışdı

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl III kurs tələbəsi Fidan Abbaslı rinoplastika əməliyyatı zamanı dünyasını dəyişib. Mərhumun yaxınları Fidanın ölümündə "Referans" klinikasının otorinolarinqoloqu Vidadi Kəbirlini və həkim-anestezioloq-reanimatoloq Amil Əliyevi günahlandırır. Bildirilir ki, 19 yaşlı Fidan məhz həkimlərin səhlənkarlığının qurbanı olub.

Referans Media xəbər verir ki, Fidanın atası Kamil Abbasov "Unikal"a müraciətində bildirib ki, əməliyyat zamanı yol verilən xəta səbəbindən qızının temperaturu kəskin qalxıb və lazım olan "Dantrolen" dərmanı klinikada olmadığından, xəstə uzun müddət gözlədildiyindən övladının bütün orqanları sıradan çıxıb: 

"Sentyabr ayının 16-sı "Referans" klinikasına yaxınlaşıb əməliyyatı icra edəcək Vidadi Kəbirli ilə görüşdük. Həkim əməliyyatdan öncə bir neçə analizin verilməli olduğunu bildirdi. Sentyabrın 18-i bütün analizləri verdik və bizə bildirildi ki, 19.09.2026 tarixində əməliyyat icra ediləcək. Burunun estetik əməliyyatı idi. Sentyabrın 19-u əməliyyat baş tutdu. Ancaq bir neçə saat sonra qızımın vəziyyətinin yaxşı olmadığı bildirildi. Getdikcə həkimlərin gərginləşdiyini hiss edirdik. Bizə vəziyyətin nəzarətdə olduğu bildirilirdi. Həkimlə görüşdükdə övladımda "Bədxassəli hipertermiya"nın olduğunu, bu səbəbdən də əməliyyatdan sonra bədən temperaturunun yüksəldiyini bildirdi. "Bədxassəli hipertermiya" daimi xəstəlik deyil. Anesteziya zamanı istifadə olunan müəyyən dərmanlara qarşı yaranan, həyati təhlükəli və sürətlə inkişaf edən əzələ-metabolik reaksiyadır. Bu hal baş verdikdə mütləq şəkildə xəstəyə "Dantrolen" adlı venadaxili dərman tətbiq edilməlidir. Ancaq xəstəxanada bu dərman olmadığı üçün vəziyyətin getdikcə pisləşdiyini görən həkimlər başqa xəstəxanalardan həmin dərmanın axtarışlarına başlayıblar. Dərman vaxtında vurulmadığı üçün bədən temperaturu 42.6 dərəcəyə qədər yüksəlmişdi. Təsəvvür edirsiniz, 19 yaşlı uşağın bədən temperaturu 43 dərəcəyədək yüksəlib, amma bunun qarşısını almaq üçün xəstəxanada həyati əhəmiyyətli bir dərman olmayıb. Dərmanın gecikdiyi hər dəqiqədə yüksək temperatur bütün bədən orqanlarına ziyan vurmağa başlayıb. Artıq vəziyyət o yerə çatdı ki, vəziyyətin kritik hal aldığını bizə bildirməli oldular".

No photo description available.

Şikayətçinin sözlərinə görə, "Referans" klinikasında xəstənin başının Kompüter tomoqrafiyası (KT) üçün lazımi avadanlıq olmadığından xəstəxana Fidanı "Leyla Medical Center" klinikasına köçürməli olub. 

"20 sentyabrda, günorta saatlarında bizə bildirildi ki, xəstənin başının Kompüter tomoqrafiyası (KT) olunmasına ehtiyac var. Bu avadanlıqlar isə bizim klinikamızda yoxdur, xəstəni "Leyla Medical Center" klinikasına aparmaq lazımdır. Artıq həkimlər vəziyyətin kritik hal aldığını görüb bizi "Referans" klinikasından uzaqlaşdırmağa başlamışdılar. Qızımın sağalacağı ilə bağlı heç bir ümid olmadığını görən həkimlər arxa planda ciddi oyun oynayırdılar. Necə edək ki, bu hadisənin adını "Referans"dan uzaqlaşdıraq fikri üzərində işləyirlərmiş. Biz "Leyla Medical Center" klinikasına gəldik, qızım bir gecə orada qaldı. 21 sentyabr, səhər saatlarında bizə bildirildi ki, gecə saatlarında daxili qanamalar baş verib, vəziyyət ürəkaçan deyil. Elə həmin gün də bizə qızımın ölüm xəbərini bildirdilər".

Dr.Amil Əliyev - Referans Endokrin və Cərrahi Mərkəz

K.Abbasov qızının ölümündə həm cərrahı, həm də anestezioloqu ittiham edir:

"Əməliyyatlar zamanı əməliyyatı icra edəcək həkimin rolu qədər anesteziyanı tətbiq edən həkimin də rolu mühümdür. Anesteziyanı tətbiq edən həkim "Referans" klinikasının reanimatoloqu Amil Əliyev idi. Vəziyyət çox ciddi xarakter aldıqda Amil Əliyev bizə bildirdi ki, bu hal 50 min xəstədə bir baş verən ehtimaldır. Amma Amil Əliyev bu ehtimalı nəzərə almadan, xəstəxanada "Dantrolen" dərmanı olmadan anesteziyanı tətbiq edib. Artıq bir neçə gündür ki, xəstəxanadan bizə durmadan zənglər edirlər. Müxtəlif əlaqələrlə bizimlə danışmaq istəyirlər ki, bu məsələni hüquqi müstəviyə qaldırmayaq. Ancaq burada 19 yaşlı bir uşağın ölümündən, hər gün əməliyyatlara girib, anesteziya tətbiq edən, insan həyatını heçə sayıb heç bir ehtimalı nəzərə almadan əməliyyat icra edən həkimlərin məsuliyyətsizliyindən söhbət gedir.

Hazırda işin hüquqi müstəvidə davam etdirilməsi üçün müraciətlərimizi hazırlayırıq. Ölkə başçısına və Mehriban xanım Əliyevaya müraciət edəcəyəm ki, bu məsələdə günahkar olan hər kəs cəzasını alsın".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki