Kondisioneri düzgün istifadə etməklə həm evi sərin saxlamaq, həm də elektrik xərclərini azaltmaq mümkündür. Bunun üçün bir neçə sadə qaydaya əməl etmək kifayətdir.
Referans Media bildirir ki, yay aylarında bir çox insan otağın daha tez soyuması üçün kondisioneri 16-17 dərəcəyə qədər endirir. Lakin bu, cihazın daha sürətli işləməsi demək deyil. Kondisioner təyin edilən temperatura çatana qədər eyni gücdə işləyir. Temperaturu həddindən artıq aşağı seçmək sadəcə kompressorun daha uzun müddət fasiləsiz işləməsinə və elektrik sərfiyyatının artmasına səbəb olur.
Mütəxəssislər bildirirlər ki, kondisioneri tez-tez söndürüb-yandırmaq və ya temperaturunu davamlı dəyişmək də əlavə enerji sərfiyyatına gətirib çıxarır. Cihaz hər dəfə yenidən işə düşəndə otağı soyutmaq üçün maksimum gücdə işləyir.
24-26 dərəcə ən ideal seçimdir
Elektrik xərclərinə qənaət etmək üçün kondisioneri 24-26°C aralığında saxlamaq tövsiyə olunur. Fan rejimini isə "davamlı" deyil, "avtomatik" rejimdə işlətmək daha məqsədəuyğundur. Bu zaman kompressor dayandıqda fan da lazımsız yerə işləməyəcək.
Bu xüsusilə invertor tipli kondisionerlərdə daha nəzərəçarpan olur. Belə cihazlar söndürülüb yenidən işə salındıqda otağı yenidən soyutmaq üçün ilk saat ərzində yüksək enerji sərf edir. Halbuki sabit temperaturda işlədikdə enerji istehlakı xeyli azalır.
Cəmi 2 dərəcə fərq hesabınıza təsir edir
Kondisioneri 22°C əvəzinə 24°C-yə tənzimləmək aylıq elektrik sərfiyyatını təxminən 10 faiz azalda bilər. Ən yüksək enerji qənaəti isə adətən 26°C ətrafında əldə edilir.
Evdən çıxarkən kondisioneri necə istifadə etməli?
Əgər evdən 2-3 saatlıq çıxırsınızsa, kondisioneri tam söndürmək əvəzinə temperaturu 2-3 dərəcə artırmaq daha sərfəlidir. Bu halda qayıtdıqda otaq yenidən sıfırdan soyudulmayacaq.
Əgər 6 saatdan çox evdə olmayacaqsınızsa, kondisioneri tam söndürmək daha məqsədəuyğundur. Wi-Fi funksiyalı ağıllı kondisioneriniz varsa, evə çatmazdan təxminən bir saat əvvəl onu telefon vasitəsilə işə sala bilərsiniz. Bu zaman evə daxil olduğunuzda otaq artıq sərin olacaq./Pravda.az/
