Diqqətli olun, pulunuz bu yolla ələ keçirilə bilər

Son vaxtlar bank kartına köçürmə zamanı yol verilən kiçik diqqətsizliklər vətəndaşları çətin vəziyyətə salır. Səhvən başqa şəxsin hesabına göndərilən vəsaitin geri qaytarılması isə heç də həmişə mümkün olmur. Bir çox halda qarşı tərəf pulu qaytarmaqdan imtina edir, bank isə şəxsi məlumatların qorunmasını əsas gətirərək müdaxilə edə bilmir. Nəticədə vətəndaş çıxılmaz vəziyyətlə üzləşir.

 

Belə hallarda məsuliyyət kimə aiddir və zərərçəkən öz pulunu hansı yollarla geri ala bilər?

 

Referans Media bildirir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimlinin sözlərinə görə, hazırda Azərbaycan qanunvericiliyində bu cür hallar üçün xüsusi hüquqi mexanizm nəzərdə tutulmayıb:

 

“Belə vəziyyətlərdə yalnız əsassız varlanma institutu tətbiq oluna bilər və bu da məhkəmə qaydasında həll edilir. Yəni vəsaitin geri qaytarılması üçün hazırkı şəraitdə məhkəməyə müraciət olunmalıdır. Burada kifayət qədər ciddi hüquqi nüanslar var. Məsələn, bəlkə də həmin vəsaitin alıcısının da həmin pula dair müəyyən hüquqi əsasları var. Buna görə də məsələni yalnız pulu göndərən şəxsin bəyanatı əsasında həll etmək düzgün olmazdı. Təsəvvür edin ki, bir şəxs digərinə pul göndərir, sonradan fikrini dəyişir və vəsaiti geri tələb edir. Bu zaman tərəflər arasında mübahisə yarana, hətta ciddi prosessual və sosial problemlər ortaya çıxa bilər”.

 

İqtisadçının fikrincə, qanunvericilikdə bu sahə ilə bağlı müəyyən dəyişikliklərə ehtiyac var:

 

“Beynəlxalq təcrübədə, bəzi ölkələrdə vəsait səhvən köçürüldükdə müəyyən müddət – məsələn, ilk 24 saat ərzində müraciət edilərsə bank həmin məbləği müvəqqəti dondura və ya qanunvericiliyin tələblərinə uyğun olaraq geri qaytarılması prosesini başlada bilir. Oxşar mexanizmlər bəzi Avropa ölkələrində və Rusiyada da mövcuddur. Azərbaycanda isə hazırda bununla bağlı ayrıca hüquqi tənzimləmə yoxdur. Bu baxımdan bankların mövqeyi də başadüşüləndir. Onlar qüvvədə olan qanunvericiliyin tələbləri çərçivəsində hərəkət edirlər və məhkəmə qərarı olmadan vəsaiti birtərəfli qaydada geri qaytara bilmirlər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki