Rusiya Dövlət Dumasında deputatların minimum aylıq gəliri artıq 550 min rubla yaxınlaşıb. Bu, ölkədə orta pensiyadan təxminən 24 dəfə çoxdur.
Referans Media xəbər verir ki, 2025-ci ili tam olaraq Dövlət Dumasında işləyən ən aşağı gəlirli yeddi deputat il ərzində 6,4–6,8 milyon rubl qazanıb. Bu isə ayda təxminən 540–565 min rubl deməkdir.
Müharibədən əvvəlki dövrlə müqayisədə deputatların gəlirləri də nəzərəçarpacaq dərəcədə artıb. 2020-ci ildə aparılmış analoji araşdırmada Dumanın ən aşağı gəlirli deputatlarının aylıq qazancı təxminən 450 min rubl hesablanmışdı. Beləliklə, onların gəliri təxminən 24 faiz və ya ayda 100 min rubldan çox artıb.
Araşdırmaya “Vahid Rusiya”, Kommunist Partiyası, LDPR və “Yeni insanlar” partiyalarının ən aşağı gəlir göstərən deputatları daxil edilib. Onların heç biri Duma komitələrinə rəhbərlik etmir – komitə sədrlərinin qazancı daha yüksəkdir.
Müqayisə üçün, Rosstatın 2025-ci il məlumatlarına əsasən, Rusiyada müəllimlərin orta aylıq əməkhaqqı 71,3 min, həkimlərin 81,7 min, orta pensiya isə cəmi 23,4 min rubl təşkil edib. Beləliklə, Dövlət Dumasının hətta “ən kasıb” deputatları belə orta hesabla həkimdən 6,8 dəfə, müəllimdən 7,6 dəfə, pensiyaçıdan isə təxminən 24 dəfə çox qazanırlar. Üstəlik, yalnız deputat maaşı ilə yaşayan bəzi parlamentarilərin aylıq gəliri 1 milyon rublu da keçir./Musavat.com/
