FED-in faiz qərarı dollara necə təsir edəcək? Manata təzyiq artacaq, yoxsa stabillik qorunacaq?
Referans Media xəbər verir ki, bu barədə Globalinfo.az-a İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli danışıb. O deyib ki, sözügedən qərar dolların müəyyən ucuzlaşmasına səbəb olacaq:
“Bu isə həm ABŞ-da istehsal, həm də idxal olunan məhsulların rəqabət qabiliyyətini artıracaq. Dolların ucuzlaşması qiymətli metallara tələbi yüksəldə və nəticədə qızılın qiymətinin artmasına şərait yarada bilər. İnvestorlar daha sabit alətlər kimi qızıla və digər qiymətli metallara yönəlməyə meyilli olacaqlar”.
Eyyub Kərimli
İqtisadçı bildirib ki, dolların zəifləməsinin neftin qiymətinə də təsirləri mümkündür:
“Hazırda neft qiymətləri güclü dollar fonunda formalaşır. Dolların ucuzlaşması isə həm iqtisadi dinamikanı, həm də qlobal aktivliyi artıra, neftə tələbin artmasına şərait yarada bilər. Faiz dərəcələrinin endirilməsi ucuz dollar kreditlərinin genişlənməsinə də stimul verəcək. Ümumilikdə, uçot dərəcəsinin azaldılması həm ABŞ-da, həm də qlobal iqtisadiyyatda aktivliyin artmasına müsbət təsir göstərəcək”.




















