Yay aylarında çimərliklərə üz tutanlar arasında yeniyetmələrə tez-tez rast gəlinir. Bəzən onların dostları ilə, valideynləri olmadan dənizə getdikləri müşahidə olunur. Bu isə xüsusilə nəzarətsiz və təhlükəli çimərliklərdə, çaylarda ciddi risk yaradır. Çünki bir neçə dəqiqəlik diqqətsizlik belə faciə ilə nəticələnə bilər. Bu da son aylarda suda boğulanlar arasında yeniyetmələrin olmasına gətirib çıxarır.
Bəs yetkinlik yaşına çatmayan uşaqların valideynsiz çimərliyə getməsinə nəzarət necə həyata keçirilməlidir?
Referans Media bildirir ki, mövzu ilə bağlı sosioloq Naib Niftəliyev Bizim.Media-ya açıqlamasında qeyd edib ki, çimərlikdən istifadə ilə bağlı xüsusi standart qaydalara əməl edilməlidir:
“Dənizdən istifadə hər bir vətəndaşın təbii haqqıdır. Lakin bu hüquq təhlükəsizlik qaydalarına əməl olunması ilə paralel getməsi məqsədəuyğundur. Çimilməsi qadağan olunan ərazilərdən uzaq durmaq, küləkli və dalğalı havada dənizə girməmək kimi qaydalara riayət etmək vacibdir”.
O qeyd edib ki, üzgüçülüyü yaxşı bilmək belə dənizdə təhlükədən tam sığortalanmaq demək deyil. Xüsusilə təcrübəsiz şəxslər dalğanın təsiri ilə müvazinətini və nəzarəti itirə, nəticədə boğulma təhlükəsi ilə üzləşə bilərlər.
Nəzarət və müşahidə mexanizmləri gücləndirilməlidir
Sosioloq hesab edir ki, çimərliklərdə nəzarət və müşahidə mexanizmlərinin gücləndirilməsi vacibdir. Bununla yanaşı, əhalinin, xüsusilə yeniyetmələrin təhlükəsizlik qaydaları barədə davamlı maarifləndirilməsi də önəmlidir. Onun fikrincə, bu iş yalnız mövsümi xarakter daşımamalı, çimərliklərdə xəbərdaredici lövhələr, sosial layihələr və maarifləndirici aksiyalar vasitəsilə davamlı aparılmalıdır.
Bu sahədə nə qədər çox məhdudiyyət qoyularsa, o qədər ondan yayınmağa çalışanların sayı artacaq
Yeniyetmələrin böyüklərin nəzarəti olmadan çimərliyə getməsinə toxunan N.Niftəliyevin sözlərinə görə, burada həm valideynlərin, həm də məktəbin üzərinə mühüm məsuliyyət düşür. Uşaqlara dənizdə təhlükəsizlik qaydaları izah edilməli, riskli vəziyyətləri düzgün qiymətləndirmək və məsuliyyətli davranmaq bacarığı formalaşdırılmalıdır.
Ekspertin fikrincə, problemin həlli yalnız qadağalarla məhdudlaşmamalıdır.
Valideynlər, müəllimlər və yaxın ətraf yeniyetmələr üçün düzgün davranış nümunəsi göstərməli, təhlükəsizlik qaydalarının əhəmiyyəti onlara davamlı şəkildə izah edilməlidir.
