Sinqapur ərazi çatışmazlığını aradan qaldırmaq və enerji sərfiyyatını azaltmaq üçün yerin 30-80 metr dərinliyində “Yeraltı Elm Şəhəri” inşa etməyi planlaşdırır. Konsept mərhələsində olan layihədə laboratoriyalar, yüksək texnologiya mərkəzləri və məlumat emalı obyektlərinin yerləşdirilməsi nəzərdə tutulur.
Referans Media xəbər verir ki, layihə çərçivəsində nəhəng yeraltı mağaraların yaradılması planlaşdırılır. Bu məkanlarda biotibbi araşdırmalar, yüksək texnologiyalar və məlumat emalı üçün mərkəzlər fəaliyyət göstərəcək.
Tikinti zamanı xüsusi tunelqazma maşınlarından və qazma-partlatma üsullarından istifadə ediləcək. Yeraltı kompleksin divarları liflə gücləndirilmiş beton və gərilmiş kabellərlə möhkəmləndiriləcək.
Layihənin əsas üstünlüklərindən biri enerji sərfiyyatının azaldılmasıdır. Yeraltında temperaturun daha sabit olması məlumat mərkəzlərinin soyudulması üçün daha az enerji tələb edir.
Hesablamalara görə, soyutma sistemlərində 20-30 faiz arasında enerji qənaəti əldə etmək mümkündür. Bundan əlavə, artıq istiliyin yenidən istifadəsi və qapalı dövrəli su sistemlərindən yararlanılması planlaşdırılır.
Sinqapurun əsas problemlərindən biri ərazi çatışmazlığıdır. Yeraltına köçürüləcək laboratoriyalar və məlumat mərkəzləri sayəsində yerüstündə yeni sahələrin boşaldılması nəzərdə tutulur.
Bu ərazilərin parklar, yaşayış binaları və sosial obyektlər üçün istifadəsi planlaşdırılır.
Yeraltı şəhərin təhlükəsizliyi üçün xüsusi havalandırma və iqlimləndirmə sistemləri, yanğın zamanı istifadə ediləcək təzyiqləndirilmiş çıxış yolları və konstruksiyanın vəziyyətini izləyən fiber-optik sensorlar quraşdırılacaq.
Bununla yanaşı, tikintinin ilkin mərhələsində böyük miqdarda beton və poladdan istifadə olunması, həmçinin çıxarılan süxurların daşınması layihənin yüksək karbon izi yaratmasına səbəb ola bilər.
