Son illərdə Ermənistan daxilində siyasi qarşıdurmalar, xarici təsir cəhdləri daha açıq şəkildə hiss olunur. Xüsusilə son aylarda ölkədə ictimai narazılığın yüksəlməsi, siyasi institutlara inamın zəifləməsi, müxtəlif beynəlxalq mərkəzlərin yerli proseslərə marağının artması, 2026-cı ildə keçiriləcək parlament seçkilərini region üçün strateji hadisəyə çevirib.
Bu fonda ən çox müzakirə edilən sual isə belədir: Bu seçkilərin nəticəsi Ermənistan-Azərbaycan sülh prosesinə necə təsir göstərə bilər?
Referans.az xəbər verir ki , mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı, politoloq Elçin Mirzəbəyli bildirdi ki, erməni mediasında yayılan xəbərlər və bir sıra rəsmilərin açıqlamaları ölkə daxilində xarici qüvvələrin aktivliyinin son vaxtlar nəzərəçarpacaq dərəcədə artdığını göstərir.
Onun sözlərinə görə, bu faktor Ermənistanın 2026-cı ildə keçiriləcək parlament seçkilərinə həm siyasi, həm də psixoloji təsir göstərir:
“Mövcud mənzərə Paşinyan komandasının şansını tam aradan qaldırmır, lakin onların mövqeyini əvvəlki illərlə müqayisədə xeyli mürəkkəbləşdirir. Paşinyan cəmiyyətin müəyyən hissəsində hələ də ən etibarlı siyasi fiqur kimi qalsa da, ümumi siyasi inamsızlıq, seçici apatiyası və regional sosial-siyasi dinamika onun komandasının manevr imkanlarını məhdudlaşdırır. Son bələdiyyə seçkilərində və yerli idarəetmə strukturlarında müşahidə olunan zəifləmə 2026-cı il üçün ciddi siqnal kimi qiymətləndirilir.
Xarici aktorların, xüsusilə Rusiya, Qərb və diaspor dairələrinin siyasi proseslərdə daha qabarıq şəkildə iştirak etməsi seçkiləri geopolitik rəqabətin bir meydanına çevirə bilər. Bu vəziyyət həm seçki kampaniyasının qütbləşməsini artırır, həm də Paşinyanın “xarici müdaxilələrə qarşı mübarizə” ritorikasını gücləndirərək onun daxili legitimlik axtarışının mühüm elementinə çevirir. Lakin uzunmüddətli sabitlik bu ritorikanın kəskinliyindən deyil, daha inklüziv dialoq və şəffaf islahatla bağlı addımlarından asılı olacaq”.
Deputat nəzərə çatdırıb ki, seçkilərin sülh prosesinə təsiri isə birbaşa və həlledici xarakter daşıyır:
“Paşinyanın yenidən qələbə qazanması sülh gündəliyinin davamlılığı, Azərbaycan qarşısında götürülən öhdəliklərin icrası və beynəlxalq vasitəçilik formatlarının qorunması baxımından daha stabil perspektiv yarada bilər. Onun məğlubiyyəti və ya parlamentdə güclü radikal-millətçi blokun formalaşması Ermənistanın mövcud kursunun yenidən nəzərdən keçirilməsinə, sülh prosesinin ləngiməsinə səbəb ola bilər. Bu, sülhün yalnız diplomatik sənəd deyil, həm də daxili siyasi legitimlik və institusional iradə tələb etdiyini bir daha göstərir.
Ümumilikdə, Paşinyanın 2026-cı il seçkilərində qalib gəlmə şansı var, lakin bu şans onun cəmiyyətdə etimadı bərpa etməsi, seçici fəallığını artırması və xarici güclərlə balanslaşdırılmış siyasəti davam etdirməsi ilə sıx bağlıdır. Seçkilərin nəticələri ilk növbədə Ermənistanın daxili siyasi kursunu müəyyənləşdirəcək”.























