Ermənistandan Rusiyaya gözlənilməz zərbə – Moskva böyük itki verəcək backend

Ermənistandan Rusiyaya gözlənilməz zərbə – Moskva böyük itki verəcək 

  Rusiya baş nazirinin müavini Aleksey Overçukun Ermənistanla bağlı səsləndirdiyi son açıqlama Moskva-İrəvan münasibətlərində gərginliyin yeni mərhələyə qədəm qoyduğunu göstərir. O bildirib ki, Ermənistanın Avropa İttifaqı ilə inteqrasiya prosesinin dərinləşməsi, nəticə etibarilə bu ölkənin hava məkanını Rusiya üçün bağlamasına səbəb ola bilər. Overçuk qeyd edib ki, Avropa İttifaqı indiyədək Rusiya təyyarələrinin Aİ səmalarına girişinə qadağa qoyub və gələcəkdə İrəvandan da eyni addımı atması tələb oluna bilər.

“İttifaqa daxil olsanız, Brüssel sizə səmanı bağla deyəcək, siz də bağlayacaqsınız, alternativiniz olmayacaq”, – deyə o xəbərdarlıq edib.

Bu cür ssenari nə dərəcədə realdır? Ermənistan hava məkanını Rusiya üçün bağlasa, bunun Moskva üçün nəticələri nədən ibarət olar?

Globalinfo.az-a danışan siyasi şərhçi Taleh Əliyev bildirib ki, hazırkı Ermənistan hakimiyyətinin Avropa İttifaqına inteqrasiya arzusu artıq yalnız siyasi istək deyil, bu, hökumətin müəyyən etdiyi yeni strateji xəttin tərkib hissəsidir:

“Bu istiqamətdə irəliləmək isə təbii olaraq Rusiya hakimiyyətinin narahatlığına səbəb olur. Əgər Ermənistan Avropa İttifaqına daha sıx inteqrasiya olunsa, bu, təkcə siyasi deyil, həm də təhlükəsizlik sahəsində ciddi dəyişikliklərə səbəb ola bilər. Belə ki, Ermənistanın hava məkanının da tədricən Rusiyadan uzaqlaşdırılması gündəmə gələ bilər. Buna görə də, Ermənistanın qısa müddətdə tam şəkildə Avropa İttifaqına inteqrasiya edəcəyi hələlik real görünmür. Amma bu istiqamətdə atılan addımlar Rusiyanı ciddi şəkildə narahat edir. Ermənistan hava məkanını Rusiya təyyarələri üçün bağlaya bilər. Avropa İttifaqına inteqrasiya edən və ya onun tələblərinə uyğunlaşan ölkələr, xüsusən təhlükəsizlik və sanksiya məsələlərində Brüsselin siyasətinə uyğun addımlar atmalı olurlar. Əgər Ermənistan Aİ ilə daha dərin siyasi və iqtisadi yaxınlaşma yolunu seçərsə, Rusiya ilə münasibətlərdə bu tip məhdudiyyətlər gündəmə gələ bilər.

Ermənistanın hava məkanı Rusiya üçün həm Suriya və Orta Şərq istiqamətində, həm də Cənubi Qafqazdakı hərbi kontingentlərə uçuşlarda mühüm keçid rolunu oynayır. Bu yolun bağlanması Rusiyanın bölgədəki hərbi çevikliyini azaldar. Ermənistanın belə bir qərar verməsi, onun Rusiyanın təsir dairəsindən daha da uzaqlaşdığını göstərər. Bu, Kreml üçün təkcə praktiki deyil, həm də siyasi prestij itkisi deməkdir”.

Siyasi şərhçi xatırladıb ki, Ermənistan hal-hazırda Rusiyanın təşəbbüsü ilə qurulan Avrasiya İqtisadi İttifaqının üzvüdür. Onun bu təşkilatdan imtina edərək Avropa İttifaqına yaxınlaşması Rusiyanın geosiyasi maraqlarına və onun təsir dairəsindəki inteqrasiya qurumlarının nüfuzuna zərbə olar:

“Məhz buna görə də Rusiya, Avropa İttifaqının Ermənistanla yaxınlaşmasının nəticələrinin öz əleyhinə çevrilməsini öncədən görərək, Ermənistana qarşı siyasi və psixoloji təzyiqlər göstərməyə başlayıb.

Gələcək mərhələdə Ermənistan–Avropa İttifaqı münasibətləri dərinləşdikcə, Rusiyanın bu ölkəyə qarşı təzyiq və təhdidlərinin artacağını proqnozlaşdırmaq olar. Son zamanlar Ermənistan daxilində siyasi aktivliyin artması, parlament müxalifətinin ritorikasının sərtləşməsi və xüsusilə də rusiyalı milyarder Samvel Karapetyanın Ermənistanda həbs olunması bu prosesin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Bütün bunlar Rusiyanın Ermənistana qarşı təzyiq siyasətinin nəticəsi kimi dəyərləndirilə bilər.

Bu baxımdan, yaxın gələcəkdə Ermənistan–Rusiya münasibətlərinin daha da gərginləşməsi istisna deyil. Həmçinin ehtimal var ki, Rusiya bu proseslər fonunda yenidən Azərbaycan–Ermənistan münasibətlərinə müdaxilə etməyə, bölgədə yeni gərginlik yaratmaq məqsədilə müxtəlif təxribatlara əl atmağa çalışacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki