Əsədin harada və necə yaşadığı üzə çıxdı

Britaniyanın “The Guardian” qəzeti Suriyanın devrilmiş lideri Bəşər Əsədin və ailəsinin Moskvada dəbdəbəli həyat sürdüyünü yazıb.

Referans Media xəbər verir ki, Əsəd ailəsi Rusiyanın paytaxtında, əsasən ölkə elitasının yaşadığı nüfuzlu bir məhəllədə məskunlaşıb. Bildirilir ki, Ukraynanın devrilmiş keçmiş prezidenti Viktor Yanukoviç də eyni ərazidə yaşayır.

Məqalədə vurğulanır ki, Əsəd ailəsi maddi çətinlik çəkmir. Qərbin 2011-ci ildə tətbiq etdiyi sanksiyalardan sonra Bəşər Əsədin vəsaitlərini Moskvaya köçürdüyü qeyd olunur. Həmçinin ixtisasca oftalmoloq olan Əsədin tibbi biliklərini yeniləmək üçün dərslərə qatıldığı və rus dilini öyrəndiyi bildirilir.

İzolyasiya olunmuş həyat tərzi

Əsəd ailəsi Suriyanı tərk edərkən Esma Əsəd artıq Moskvada leykoz xəstəliyi ilə bağlı müalicə alırdı. Onun eksperimental müalicə gördüyü və səhhətinin yaxşılaşdığı qeyd edilir. Ailənin tamamilə izolyasiya olunmuş həyat yaşadığı, Bəşər Əsədin isə keçmiş rejimdən olan şəxslərlə demək olar ki, əlaqə saxlamadığı bildirilir.

Xəbərdə Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətdən devrilmiş liderlərə qarşı səbirli yanaşmadığına diqqət çəkilir. Hətta iddia olunur ki, Bəşər Əsəd Putin üçün rəsmi nahara dəvət ediləcək qonaq belə sayılmır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki