İsrail bazar ertəsi günü Tehrana qarşı yeni hava hücumlarına başlayıb və Livandakı “Hizbullah”a hücumları da əhatə edən hərbi kampaniyasını genişləndirib.
Referans Media “Reuters”-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ABŞ-İsrail birgə İran hədəflərinə qarşı əməliyyatının bir neçə həftə davam edə biləcəyini bildirib.
İsrail hakimiyyətinin məlumatına görə, zərbələr Tehranın Yaxın Şərqdəki əsas müttəfiqlərindən biri olan Hizbullahla əlaqəli hədəfləri hədəfə alıb. Hərəkat əvvəllər İranın Ali Liderinin ölümünə qisas olaraq İsrailə raket və dronlar atdığını açıqlayıb.
İsrail ordusu Livan ərazisindən atılan mərmilərdən birini ələ keçirdiyini, digərlərinin isə yaşayış olmayan ərazilərə düşdüyünü bildirib. Bazar ertəsi gecəsi Beyrutun “Hizbullah”ın nəzarətində olan cənub ətraflarına zərbələr endirilib və Livan paytaxtında onlarla partlayış baş verib. Beyrutun ərazisində yüksək rütbəli “Hizbullah” komandirlərinin də öldürüldüyü bildirilir.
Hücumlar silsiləsi yerli vaxtla təxminən saat 2:40 radələrində başlayıb. Beyrut sakinləri tələsik evlərini tərk edərək kilometrlərlə uzunluğunda tıxaclar yaradıblar.
İsrail və Livan əvvəllər “Hizbullah”ı əhəmiyyətli dərəcədə zəiflədən bir ildən çox davam edən döyüşlərdən sonra 2024-cü ildə ABŞ-nin vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəlmişdilər. Lakin yeni hücum mərhələsi ABŞ və İsrailin şənbə günü İrana hücumlarından sonra daha da şiddətlənən münaqişəni daha da alovlandırıb. Gərginləşmə fonunda neft qiymətləri kəskin şəkildə yüksəldi və hava nəqliyyatında ciddi fasilələr yaranıb.
İsrail ordusu “Hizbullah”ın hər hansı bir gərginliyə görə tam məsuliyyət daşıdığını bildirib. Eləcə də Livanın cənub və şərqindəki onlarla şəhərin sakinlərini təxliyə etməyə çağırdı. Bazar günü axşamı hərbçilər Tehran üzərində hava üstünlüyünün qurulduğunu və İran paytaxtındakı kəşfiyyat, təhlükəsizlik və hərbi komandanlıq obyektlərinə bir sıra zərbələr endirdiklərini bildiriblər.
Təl-Əviv də daxil olmaqla, İsraildə hava hücumu sirenləri səsləndi. İran gecə səmasında mərmilərin göründüyü yeni raket salvoları atdı.
ABŞ-də ilk itkilər
Bazar günü ilk ABŞ itkiləri təsdiqlənib: üç Amerika hərbçisi öldürülüb. Mənbələr onların Küveytdəki bazada öldürüldüyünü bildirib. Donald Tramp onları “əsl Amerika vətənpərvərləri” adlandıraraq ölənlərin sayının arta biləcəyi barədə xəbərdarlıq edib.
“Reuters/Ipsos” sorğusuna görə, amerikalıların yalnız dörddə biri hərbi əməliyyatı dəstəkləyir. Uzun sürən münaqişə ABŞ-nin ara seçkilərindən əvvəl Respublikaçılar Partiyası üçün ciddi siyasi risk yarada bilər.
Bununla belə, Tramp İrana zərbələrin “bütün məqsədlərə çatana qədər” davam edəcəyini bildirib. O, əməliyyatın artıq İranın hərbi komandanlığını, doqquz dəniz gəmisini və bir sıra hərbi obyektləri məhv etdiyini iddia edib. Hərbi əməliyyatların aktiv mərhələsinin başlanğıcından bəri ABŞ qüvvələri İranda 1000-dən çox hədəfə zərbə endirib.























