“Əgər əlillik təyin olunmayacaqdısa, nə üçün 10 həkim məni müayinə edib sənədlərimə imza atıb? Bu komissiyaların fəaliyyəti nədən ibarətdir?!”
Referans Media xəbər verir ki, bu barədə “Qafqazinfo”ya vətəndaş Hümmətov Natiq Qədiməli oğlu müracət edib.
O bildirib ki, əlil olmasına səbəb 2001-ci ildə hərbi xidmətdə olarkən özünə ehtiyatsızlıqdan silah açması olub: “Sənədlərdə əlillik səbəbim ümumi yazılıb, mən bunu 5 il öncə bildim. Sənəd işlərindən başım çıxmır deyə elə də qaldı. 2003-cü ildən II qrup əlilliyə görə pensiya almışam. 2021-ci ildən isə III qrupa dəyişdirilib. Sonuncu dəfə əlilliyim 5 il müddətinə təyin olundu və həmin müddət 2026-cı ilin iyul ayında başa çatıb. Buna görə də iyulda Xaçmaz rayonunda, avqustda isə Quba rayonunda müvafiq tibbi komissiyalardan keçmişəm.
Hər iki komissiyada ümumilikdə 10 həkim tərəfindən müayinə olunmuşam. Həkimlər tibbi sənədlərimlə tanış olub, müayinələr aparıb və sənədlərimə imza atıblar. Lakin bütün bu prosedurlardan keçdikdən sonra oktyabr ayında Quba xəstəxanasından mənə bildirilib ki, guya əlillik təyin olunmur”.
Şikayətçi, həmçinin qeyd edib ki, sənədlərin təxminən iki ay saxlanıldıqdan sonra elektron sistemə daxil edilmədən geri qaytarıldığı məlum olub: “Ən təəccüblüsü odur ki, aylarla davam edən bu proses ərzində heç kim mənə problemin nədən ibarət olduğunu dəqiq izah etməyib. Bir dəfə bildirirlər ki, xəstəxanada yatmamışam və ya tibbi kodlar uyğun gəlmir.
Bəs bu kodları kim təqdim edib? Həmin tibbi rəyləri TƏBİB-in tabeliyində olan tibb müəssisələri verməyibmi? Əgər sənədlərimdə və ya tibbi kodlarda problem var idisə, nə üçün Xaçmazda və Qubada müayinədən keçirildiyim zaman bu barədə mənə məlumat verilməyib?”
Tibbi sənəd iddiaları ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, vətəndaş Hümmətov Natiq Qədiməli oğlunun əlillik məsələsi ilə bağlı müraciəti araşdırılıb: “Onun tibbi sənədləri və müayinələrinin nəticələri ilə obyektiv müayinə nəticələri arasında uyğunsuzluq olması səbəbindən Forma-88 in sistemə daxil edilməsi mümkün olmayıb.
Bu barədə komissiya üzvləri tərəfindən pasiyent məlumatlandırılıb və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə imtina aktı təqdim edilib”.
Məsələ ilə bağlı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi ilə də əlaqə saxladıq. Qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov müraciətimizə cavab olaraq təsdiqləyib ki, yeni göndəriş daxil edilməyib: “Xaçmaz rayon sakini 1983-cü il təvəllüdlü Hümmətov Natiq Qədiməli oğluna təyin olunan əlillik müddəti 01.07.2026-cı il tarixdə başa çatıb. Hazırda vətəndaşla bağlı qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən yeni göndəriş elektron sistemə daxil edilməyib.
Şəxslə bağlı tibb müəssisəsi tərəfindən yeni forma-88 sənədi rəsmiləşdiriləcəyi təqdirdə onun əlilliyi qanunvericiliyə uyğun olaraq təkrar qiymətləndiriləcək”.


