Əli Əsədov üç qərar imzaladı

Azərbaycanda həyətyanı torpaq sahələrinə mülkiyyət hüququnun plan-ölçü sənədi əsasında da verilməsi nəzərdə tutulur.

Referans Media  xəbər verir ki, bununla bağlı Mülki Məcəllədə və “Daşınmaz əmlakın dövlət reyestri” haqqında qanunda dəyişiklik edilməsi təklif olunur.

Qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunub.

Sənəd “Torpaq islahatı haqqında” qanuna uyğun olaraq vətəndaşlara verilmiş, lakin onların mülkiyyət hüququ rəsmiləşdirilməmiş həyətyanı torpaq sahələri ilə bağlı məsələnin tənzimlənməsini nəzərdə tutur. Həmin qanuna əsasən, vətəndaşlara verilmiş həyətyanı torpaqlara ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələr tərtib edilirdi. Bu proses 2006-cı il iyulun 6-na qədər davam edib. Lakin həmin vaxtdan daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəd kimi dövlət reyestrindən çıxarışların verilməsinə başlanıldığı üçün şəhadətnamələrin verilməsi prosesi dayandırılıb, bunun əvəzinə Komitə vətəndaşlara torpaq sahəsinin plan və ölçüsü sənədi (plan-ölçü) verməyə başlayıb.

Nəticədə, vətəndaşların bir qismi 2006-cı il iyulun 6-na qədər şəhadətnamə aldığı halda, digər qismi həmin müddətə qədər müraciət etmədiyindən onlara mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə əvəzinə yalnız texniki xarakterli plan-ölçü verilib.

Plan-ölçü hüquqmüəyyənedici sənəd olmadığından, onun əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi mümkün olmur. Halbuki hər iki halda torpaq sahələri vətəndaşlara torpaq islahatı çərçivəsində verilib. Beləliklə, eyni hüquqi əsasla torpaq sahəsi əldə etmiş vətəndaşlardan bir qismi mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə, digər qismi isə yalnız texniki xarakterli plan-ölçü əldə edib. Eyni problem bələdiyyələr tərəfindən vətəndaşlara ayrılmaqla, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 2006–2015-ci illərdə plan-ölçü tərtib etdiyi həyətyanı torpaq sahələrinə münasibətdə də mövcud olub.

Qanun layihəsinə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edildiyi 2015-ci il fevralın 6-na qədər olan dövrdə “Torpaq islahatı haqqında” qanuna uyğun olaraq vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair tərtib edilmiş plan-ölçü sənədi həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas kimi müəyyən edilir. Bununla da eyni hüquqi əsaslarla torpaq sahələri əldə etmiş, lakin müxtəlif sənədlərlə təmin olunmuş vətəndaşlar arasında hüquqi vəziyyətin eyniləşdirilməsi və mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün hüquqi əsasın yaradılması təmin edilir.

X X X

Quba Soyqırımı Muzeyi və simvolik məzarlıq kompleksi “Bağ-park, monumental və xatirə abidələri” siyahısına daxil edilib.

Referans Media  xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Qərar imzalayıb.

Qərarla, həmçinin Astara rayonunda yerləşən Əlişa qala kompleksi (e.ə. IV – e. XVI əsrlər) “Arxeoloji abidələr” bölməsinə əlavə edilib. Qubadakı Xatirə abidəsi – kütləvi məzarlıq (1918-ci il) da bu bölmə üzrə təsnifatlandırılıb.

Dəyişikliyə əsasən, Gəncə şəhərində yerləşən XIX əsrə aid üç yaşayış evi, eyni zamanda, Sumqayıt şəhərində yerləşən iki hamam – Hacı Məcid(XVI əsr) və Hacı Əmrulla hamamları (XVII əsr) “Memarlıq abidələri” statusu alıb.

X X X

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) strukturunda dəyişiklik edilib.

Referans Media  xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Belə ki, Azərbaycam Milli Elmlər Akademiyasının strukturuna daxil olan Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələrin sayı artırılıb. Humanitar Tədqiqatlar və Diyarşünaslıq İnstitutu, Nizami Gəncəvi Mərkəzi həmin bölmənin tərkibinə daxil edilib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki