İyul ayında Gürcüstandan Azərbaycana 6,985 milyon ABŞ dolları köçürülüb. Bununla da Azərbaycan xaricə pul köçürmələrinin məbləğinə görə birinci yerdə qərarlaşıb.
Ötən ay Gürcüstandan ən çox pulun ölkəmizə köçürülməsi hansı iqtisadi amillərlə bağlıdır?
Referans Media bildirir ki, İqtisad elmləri doktoru, professor, IV çağırışda deputat olmuş Rüfət Quliyev Demokrat.az-a açıqlamasında bildirib ki, Gürcüstanda kifayət qədər etnik azərbaycanlı yaşayır:
“Bəzi rəqəmlərdə onların sayının 350 min, bəzilərində isə 450 min olduğu bildirilir. Güman edirəm ki, orada yaşayan, Gürcüstan vətəndaşı olan azərbaycanlıların Azərbaycana etdiyi köçürmələrin müəyyən hissəsi onların Bakıda və Azərbaycanın digər bölgələrində yaşayan qohum-əqrəbalarına, tanışlarına göndərdiyi vəsaitlərdir. Bu, birinci mənbədir.
İkinci mənbə isə ondan ibarətdir ki, orada kifayət qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olan azərbaycanlılar var. Aldığım məlumata görə, Tiflisin tikinti sektorunda Azərbaycan mənşəli bir neçə nəhəng şirkət fəaliyyət göstərir. Onların da həyata keçirdiyi biznes fəaliyyəti nəticəsində Azərbaycana müəyyən həcmdə pul köçürmələri həyata keçirilir və bu da ümumi göstəriciyə təsir edir”.
İqtisadçı qeyd edib ki, bu, Azərbaycana valyuta daxil olması deməkdir və istənilən halda müsbət haldır:
“Burada söhbət elə də böyük rəqəmlərdən getmir. Mənim yadımdadır ki, təxminən 10-15 il bundan əvvəl Vladimir Putin çıxışlarının birində qeyd etmişdi ki, Rusiyadan Azərbaycana ildə 2 milyard dollardan çox rəsmi maliyyə köçürülür. Bu vəsaitlər də orada yaşayan azərbaycanlıların, o cümlədən Rusiya vətəndaşı olan etnik azərbaycanlıların qohum-əqrəbalarına göndərdiyi pullar, eləcə də sahibkarlıq fəaliyyəti ilə bağlı köçürmələr idi. Dünya maliyyə praktikasında bir ölkəyə valyuta axınının olması müsbət qiymətləndirilir. Buna görə də burada neqativ fikir söyləmək düzgün olmaz. Düşünürəm ki, bu köçürmələrdə biznes fəaliyyətinin nəticəsində yaranan vəsaitlərin də kifayət qədər xüsusi çəkisi var”.
