Xocavənddə minaya düşən traktorçunun vəziyyəti açıqlanıb.
Referans Media xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Xocavənd rayonu ərazisində baş verən partlayış nəticəsində xəsarət alan 1 nəfər (kişi) 21.08.2026-cı il tarixində saat 14:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
25.07.1983-cü il təvəllüdlü şəxsə başın, boynun, üzün sol yarısının, yuxarı ətrafın və budun çoxsaylı qəlpə yaraları diaqnozu təyin olunub.
Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
***
İşğaldan azad edilmiş Xocavənd rayonunun Düdükçü kəndi ərazisində 2026-cı il 21 avqust tarixində mina partlayışı hadisəsi baş verib.
Referans Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
Bildirilib ki, Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Şirinov Ramal Qiyas oğlunun minatəmizləmə fəaliyyəti başa çatmayan ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə zamanı Şirinov Ramal müxtəlif bədən xəsarətləri alıb.
“Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!”, - deyə məlumatda qeyd edilib.
