Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ ilə müdafiə sahəsində münasibətlərə dair mühüm açıqlamalar verib. O bildirib ki, Vaşinqtonun F-35 qırıcılarının satışına qoyduğu qadağanın və "CAATSA" sanksiyalarının ləğvi istiqamətində siyasi iradə formalaşıb.
Referans Media xəbər verir ki, Hakan Fidan bu barədə "CNN Türk" telekanalının canlı efirində danışıb.
Nazirin sözlərinə görə, ABŞ ilə aparılan danışıqlar müsbət istiqamətdə davam edir və Türkiyənin beynəlxalq təhlükəsizlikdə oynadığı rol Vaşinqton tərəfindən daha aydın qiymətləndirilir.
"F-35 satış qadağası aradan qaldırıla bilər. CAATSA sanksiyalarının ləğvi istiqamətində də iradə var. Türkiyənin nə qədər konstruktiv və sabitləşdirici rol oynadığını artıq hər kəs görür", – deyə Fidan bildirib.
Hakan Fidan vurğulayıb ki, Türkiyə digər ölkələrin onu necə gördüyündən daha çox, öz milli maraqları və suveren qərarları əsasında siyasət yürütməyə üstünlük verir.
Məlum olduğu kimi, Türkiyənin 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması Vaşinqtonla münasibətlərdə ciddi gərginlik yaratmışdı. Bunun nəticəsində ABŞ Türkiyəni F-35 proqramından çıxarmış və 2020-ci ilin dekabrında CAATSA sanksiyalarını tətbiq etmişdi.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp da NATO Zirvəsi ərəfəsində Türkiyə ilə bağlı diqqətçəkən açıqlama vermişdi. O, Prezident Rəcəb Tayyib Ərdoğanı sevindirəcək qərar verə biləcəyini bildirərək, Türkiyənin NATO-nun güclü üzvlərindən biri olduğunu vurğulamışdı.
Qeyd edək ki, CAATSA sanksiyaları Türkiyənin Müdafiə Sənayesi Baş İdarəsinə qarşı ixrac məhdudiyyətləri, maliyyə qadağaları və bəzi rəsmilərə viza və aktiv məhdudiyyətlərini əhatə edir. Bu sanksiyaların mümkün ləğvi Ankara–Vaşinqton münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
