Hansını almaq daha sərfəlidir — Təmirli, ya təmirsiz?

Mənzil almaq istəyənlərin qarşısında duran əsas seçimlərdən biri təmirsiz ev alıb sıfırdan təmir etmək və ya hazır təmirli mənzilə üstünlük verməkdir. Son illərdə tikinti materiallarının və usta xidmətlərinin bahalaşması bu məsələni daha da aktual edib. Bəs hazırkı bazarda hansı seçim daha sərfəli sayılır?

Məsələ ilə bağlı əmlak eksperti Anar Nəsirov Demokrat.az-a bildirib ki, əgər yeni tikili mənzil almaq məsələsinə baxsaq, seçim zamanı ən sərfəli variant həmişə "podmayak", yəni təmirsiz qara divarlı mənzil olmur:

"Bir çox hallarda hazır təmirli və ya yüngül kosmetik təmirə ehtiyacı olan mənzillər daha sərfəli hesab edilir. Çünki bazarda "podmayak" mənzillərə tələbat daha yüksəkdir. Bu səbəbdən həm belə mənzillərin sayı az olur, həm də qiymətləri sürətlə artır. Xüsusilə çıxarışı olan və ipotekaya yararlı yeni tikililərdə qiymət artımı daha kəskin müşahidə olunur.

Digər tərəfdən, son illərdə tikilən binalarla 7-10 il əvvəl tikilmiş binalar arasında ciddi qiymət fərqi var. Daha yeni tikililər adətən daha baha olur, köhnə tikililərdə isə nisbətən daha əlçatan qiymətlər müşahidə edilir. Bu baxımdan 7-10 il əvvəl tikilmiş binalarda yüngül təmir tələb edən mənzilləri almaq, sonra yalnız kosmetik dəyişikliklər etməklə istifadəyə vermək daha az xərc tələb edə bilər".

Ekspert deyib ki, podmayak mənzillərin təmiri isə çox vaxt gözləniləndən daha baha başa gəlir:

"Ən ucuz variantlarda belə bir kvadratmetrin təmiri təxminən 400 manatdan başlayır və keyfiyyət artdıqca bu rəqəm daha da yüksəlir. Buna görə də sıfırdan təmir etmək çox vaxt ciddi əlavə maliyyə yükü yaradır.

Bazarda elə mənzillər də olur ki, sahibləri tərəfindən artıq təmir edilib və sonradan satışa çıxarılıb. Belə mənzillər bəzən daha münasib seçim ola bilər, çünki alıcı əlavə təmir xərci və vaxt itirmir. Xüsusilə təcili satışa çıxarılan təmirli mənzillər qiymət baxımından daha əlverişli olur.

Ümumilikdə isə seçim alıcının məqsədindən asılıdır. Əgər insan vaxt və əlavə xərcə getmədən hazır vəziyyətə yaxın mənzil istəyirsə, təmirli və ya yüngül təmirli mənzillər daha uyğundur. Əgər tam zövqə uyğun dizayn etmək istəyirsə, podmayak mənzil seçə bilər, amma bu zaman ümumi xərclərin daha yüksək olacağını nəzərə almaq lazımdır", - deyə o qeyd edib.

Ekspertlərin fikrincə, hazırda bazarda təmirli və ya yüngül kosmetik işlərə ehtiyacı olan evlər iqtisadi baxımdan daha əlverişlidir. Çünki "podmayak" mənzillərə tələbat çox olduğundan həm sayları azdır, həm də qiymətləri sürətlə yüksəlir. Xüsusilə çıxarışı olan və ipotekaya yararlı mənzillərdə bu artım özünü daha qabarıq göstərir.

Təhlillərə görə, son illərdə ucaldılan binalarla 7-10 il əvvəl istifadəyə verilmiş tikililər arasında da ciddi qiymət fərqi mövcuddur. Yeni binalar baha olduğu halda, nisbətən köhnə tikililərdə qiymətlər daha münasibdir. Bu səbəbdən bir neçə il mənzil kimi istifadə olunmuş binalarda yüngül təmirli evlər alıb, yalnız kosmetik dəyişikliklərlə köçmək xərcləri minimuma endirir.

Sıfırdan aparılan təmir işlərinin gözləniləndən baha başa gəldiyi bildirilib. Hazırda ən ucuz variantlarda belə mənzil sahəsinin hər kvadratmetrinin təmiri minimum 400 manatdan başlayır. Keyfiyyət artdıqca bu xərc daha da böyüyür və alıcı üçün ağır maliyyə yükünə çevrilir.

Bəzən sahibləri tərəfindən təmir edilib təcili satışa çıxarılan mənzillər bazarda ən ideal seçimə çevrilir. Belə variantlar həm vaxt itkisinin, həm də əlavə tikinti xərclərinin qarşısını alır.

Yekun qərar alıcının hədəflərindən asılıdır. Əlavə qayğılardan uzaq olmaq istəyənlər üçün təmirli evlər, öz zövqünə uyğun dizayn yaratmaq istəyənlər üçün isə yüksək xərcləri gözə almaq şərtilə təmirsiz mənzillər uyğun sayılır.

Yəni, mənzil bazarında tikinti və usta xərclərinin kəskin artması səbəbindən sıfırdan ev təmir etmək artıq sərfəli deyil, hazırda yüngül kosmetik təmirli və ya təcili satılan hazır mənzilləri almaq daha az xərc tələb edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki