Havaların istiləşməsi ilə əlaqədar olaraq sürünənlərin, xüsusilə ilan və digər zərərvericilərin yaşayış ərazilərinə daxil olması halları artır. Bu vəziyyət həm həyətyanı sahələrdə, həm də fərdi yaşayış evlərində təhlükəsizliklə bağlı narahatlıqları gündəmə gətirir. Vətəndaşlar isə belə halların qarşısını almaq üçün hansı tədbirlərin daha effektiv olduğunu araşdırmağa başlayır. Bəs ev və həyətyanı sahələr sürünənlərdən necə qorunmalıdır və ən təsirli üsul hansıdır?
Referans Media xəbər verir ki, mövzu ilə bağlı təhlükəsizlik eksperti Samir Nəbiyev Demokrat.az-a bildirib ki, əgər ev həyətyanı sahəli fərdi yaşayış tikintili evdirsə, həmin ərazidə 6 millik gözlü metal torlardan istifadə etmək lazımdır ki, uşaq meydançalarına fiziki müdaxilənin qarşısı alınsın:
"O cümlədən ilanlara və digər sürünənlərə qarşı müvafiq dərmanlama işləri aparılmalıdır. Bu işlər ya xüsusi ixtisaslaşmış lisenziyalı təşkilat və müəssisələr cəlb edilməklə, müvafiq ödəniş qarşılığında həyata keçirilə bilər, ya da alternativ olaraq yanmış kükürd tozundan istifadə etmək mümkündür, bu daha ucuz və səmərəli hesab olunur və prosesi davamlı şəkildə aparmaq olar. Çünki dərmanlama aparılsa belə, günəş şüası və ya yağıntılar həmin maddələrin təsirini azaldır və keyfiyyəti aşağı salır, buna görə proses mövsüm boyu mütəmadi şəkildə icra olunmalıdır. Sürünənlərin qarşısını almağın ən optimal yolu isə digər zərərvericilərin kökünü kəsməkdir. Belə ki, siçan və siçovullar kimi gəmiricilər yemək qalıqları olan ərazilərə sürünənləri ov məqsədilə cəlb edir və əgər bu gəmiricilərin yayılmasının qarşısı alınsa, ilanların da həmin ərazilərə gəlməsi əhəmiyyətli dərəcədə azalır",- deyə o qeyd edib.
