Həkim valideynlərə xəbərdarlıq etdi: Dərman verərkən…

“Son günlərdə uşaqlar arasında yayılan kəskin respirator virus infeksiyaları daha ağır klinik gedişlə müşahidə olunur. Xüsusilə 39–40°C-yə çatan yüksək hərarət, güclü və davamlı öskürək, təngənəfəslik, halsızlıq və ürəkbulanma valideynləri ciddi narahat etməlidir”.

Referans Media  xəbər verir ki ,bunu neonatoloq, pediatr Arzu Şıxhəmzəyeva Demokrat.az-a açıqlamasında deyib.

O bildirib ki, bu simptomlar virusun təkcə yuxarı tənəffüs yollarını deyil, qısa müddətdə aşağı tənəffüs yollarını da zədələdiyini göstərir:

“Uşaqlarda immun sisteminin tam formalaşmaması səbəbindən virus tez-tez pnevmoniya ilə ağırlaşa bilir. Xüsusilə 5 yaşadək uşaqlarda, eləcə də əvvəllər tez-tez bronxit və ya ağciyər problemi keçirmiş körpələr risk qrupundadır. Yüksək hərarətin uzun müddət davam etməsi fonunda qıcolmaların yaranması isə febril qıcolma ilə yanaşı, mərkəzi sinir sisteminin də prosesə cəlb oluna biləcəyini göstərir. Valideynlər bilməlidir ki, hər virus infeksiyası sadə soyuqdəymə kimi qəbul edilməməlidir. Profilaktika baxımından uşaqların qapalı və sıx məkanlardan uzaq tutulması, otaqların mütəmadi havalandırılması, əl gigiyenası və mövsümə uyğun geyindirilməsi xüsusi əhəmiyyət daşıyır. Hərarətsalıcı və digər dərmanlar isə yalnız həkim məsləhəti ilə verilməlidir, çünki nəzarətsiz müalicə xəstəliyin gedişini daha da ağırlaşdıra bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki