"Dünyasını dəyişən vətəndaşların fərdi pensiya hesablarında toplanan kapitalın vərəsələrə ödənilməsi məsələsi müzakirə olunur. Təkliflərdən biri həmin vəsaitin 30 faizinin vərəsələrə verilməsi imkanının araşdırılmasıdır".
Referans Media xəbər verir ki, bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında da təklif kimi gündəmə gətirilib:
"Təklifin reallaşdırılması üçün ilk növbədə onun maliyyə tərəfləri və tətbiq mexanizmi ətraflı öyrənilməlidir. Xüsusilə bu addımın dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlılığına mümkün təsirlərinin hesablanması vacib hesab olunur.
Məsələ ilə bağlı müzakirələr davam edir, təklifin həyata keçirilməsi isə maliyyə qiymətləndirilməsi və uyğun mexanizmin müəyyənləşdirilməsindən asılı olacaq".
